Xeyli sayda soydaşımızın yaşadığı Gürcüstanda ictimai-siyasi müstəvidə baş verən proseslər, o cümlədən prezident seçkiləri ətrafında yaşananlar getdikcə daha çox maraq doğurmağa başlayır. Bu xüsusda bir məsələni də qeyd edək ki, soydaşlarımızın səsi Gürcüstanda həlledici faktorlardan biri sayılır və belə görünür ki, onlar bu dəfə seçkilərdə daha fəal mövqe nümayiş etdirirlər. Bu da səbəbsiz deyil.
Qeyd edək ki, bazar günü Gürcüstanda prezident seçkisi baş tutub. Seçkidə hökumətin dəstəklədiyi Salome Zurabişvili və müxalifətin təmsilçisi Qriqol Vaşadze təqribən eyni nəticə göstərib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Salome Zurabişvili prezident seçkilərində 38,64%, onun əsas rəqibi Qriqol Vaşadze isə 37,74% səs toplayıb. Namizədlərin heç biri 50+1 faiz toplamadığından, ikinci tur keçiriləcək. Prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmamaq şərtilə baş tutmalıdır.
Real vəziyyət göstərir ki, seçkilərdə azərbaycanlıların da böyük rəğbətlə yanaşdığı Vaşadzenin qalib gəlmək ehtimalı artır. Belə ki, Gürcüstanın aparıcı müxalifət partiyaları prezident seçkilərinin ikinci turunda “Güc birlikdədir” blokunun və sabiq prezident Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləmək üçün yeni koordinasiya şurası yaradır. Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda 10 faiz səs toplamış Avropa Gürcüstanı Partiyasından prezidentliyə namizəd David Bakradze bildirib ki, birləşmiş müxalifətin özünün xüsusi qərargahı var: “İndi əsas məqsədimiz ikinci turda müxalifətin bütün səslərini bir yerə toplamaq, həmçinin ətrafımıza əlavə seçicilər cəlb etməklə səs çoxluğu qazanmaqdır”. Artıq Vahid Milli Hərəkat Partiyası Barkradzenin təklifini dəstəkləyib. Partiyanın fəallarından olan Levan Bejaşvili deyib: "Vahid Milli Hərəkət Partiyası bu təklifi razılıqla qarşılayıb. Biz bu məsələdə digər partiyalarla sıx və fəal əməkdaşlıq edəcəyik”.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov isə bildirir ki, Gürcüstan müxalifətinin prezident seçkisində qələbəsi Mixeil Saakaşvilinin geri dönməsinə şərait yaradacaq: “Gürcüstanın dövlət quruluşunu nəzərə alsaq, prezidentin formal olaraq məhdud səlahiyyətlərə sahib olduğunu görə bilərik. Lakin bu formal olaraq belədir. Belə ki, prezident hələ də əfv hüququna sahibdir. Bu, gələcəkdə baş verəcək daxili siyasi proseslərin inkişafında ciddi nəticələrə səbəb ola bilər. Rusiya Gürcüstandakı situasiyanın inkişafını diqqətlə izləyəcək”. Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze də bildirir ki, Vahid Milli Hərəkat Partiyasının namizədinin seçkidə qələbə qazanması Mixeil Saakaşvilinin ölkəyə geri dönməsi üçün imkanlar aça bilər: “Təəssüf ki, mənim bütün bədbin proqnozlarım özünü doğrultdu. Mən dəfələrlə təkrar etmişəm ki, proseslər Vahid Milli Hərəkat Partiyası və Mixeil Saakaşvilinin mərhələli şəkildə hakimiyyətə qayıtmasına doğru gedir. Vaşadzeyə səs verən insanlar əslində Saakaşviliyə səs verdilər və indi tamamilə aydındır ki, Vahid Milli Hərəkat ikinci turu da qələbə ilə bitirəcək”. Mixeil Saakaşvili özü isə Gürcüstanda heç bir vəzifə istəmədiyini desə də, geri qayıtmağa hazır olduğunu açıqlayıb.
Yuxarıda qeyd olunduğu kimi, Gürcüstanda yaşayan soydaşlırımız da seçkilərdə Vahid Milli Hərəkat Partiyasının namizədini dəstəkləyir. Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov bunun müəyyən səbəbləri olduğunu bildirir. O, "Sputnik" portalına açıqlamasında Salome Zurabişvilinin bu günlərdə türklərin ünvanına səsləndiriyi məqamları xatırladır və qeyd edir ki, azərbaycanlılar Zurabişvilinin türklərin ünvanına səsləndiriyi fikirlərlə razılşamır: "Gürcüstan tarixində ilk dəfə azərbaycanlılar belə kütləvi şəkildə hakim "Gürcü arzusu" partiyasına müxalif olub. Onlar ölkənin bütün regionlarında Bidzina İvanişvili əleyhinə və Gürcüstanın dirçəlişinə səs veriblər".
Deputat hesab edir ki, ötən bazar günü keçirilən seçkilərdə saxtakarlıq olmasaydı, hər şey elə birinci turdaca Vaşadzenin xeyrinə başa çatardı. O eyni zamanda vurğulayıb ki, ikinci turda Vaşadzenin qələbəsi qaçılmazdır, çünki artıq bir neçə müxalifət partiyası Vahid Milli Hərəkat Partiyasına qoşulduğunu bildirib. Azərbaycanlıların niyə belə kütləvi şəkildə Zurabişviliyə qarşı səs verməsinə dair sualı cavablandıran parlamentari vurğulayıb ki, Zurabişvilinin türklər barədə kəskin çıxışı azərbaycanlıların narazılığına səbəb olub. Qeyd edək ki, Zurabişvili Axalkalakidə ermənilərlə görüşlər zamanı türklərə qarşı qərəz nümayiş etdirərək, ermənilərə olan rəğbətini, sevgisini gizlətməyib. Azər Süleymanovun fikrincə, bu amil seçkilər zamanı Gürcüstanda yaşayan azərbaycanlıların fikrinə təsirsiz ötüşə bilməzdi.
Xatırladaq ki, ilk turdakı prezident seçkilərində ölkədə yaşayan azərbaycanlıların əsas etibarilə müxalifətin namizədinə səs verməsi barədə xəbər Saakaşvilini də sevindirib. Əsasən azərbaycanlıların yaşadığı Qardabanidəki səsvermədən danışarkən Saakaşvili sevincini gizlətməyib və bu bölgədə yaşayanlara Azərbaycan dilində minnətdarlıq edib: “Çox sağ ol, Azərbaycan. Siz mənim dostumsunuz!”.
Ekspertlər isə Zurabişvilinin Gürcüstanın erməni əhalisi qarşısında səsləndirdiyi fikirləri tələsik verilən bəyanat kimi dəyərləndirib. Hesab edilir ki, bu cür bəyanatlar Gürcüstanın azərbaycanlı icması tərəfindən qeyri-dostyana mövqe kimi dəyərləndirilib. Bu məqam azərbaycanlıların Zurabişvilinin əleyhinə səs verməsində həlledici rol oynayıb. Seçkilərdə azərbaycanlıların rolundan danışan gürcü ekspert Gela Vasadze bildirib: "Burada iki məqam var. Birincisi, seçici fəallığı azərbaycanlıların yaşadığı region üçün kifayət qədər aşağı idi. Bu isə o anlama gəlir ki, hökumət bu regionlarda kifayət qədər həlledici əhəmiyyətə malik səslərdən məhrum olub. İkincisi isə, azərbaycanlıların kompakt yaşadığı Qardabanidə, ümumiyyətlə, milli azlığın yaşadığı regionda müxalifət qalib gəlir. Bu olduqca önəmlidir. Təbii ki, burada Gürcüstanın azərbaycanlı əhalisi arasında böyük nüfuza malik Gürcüstan parlamentinin sabiq deputatı Ramin Bayramovun yenidən siyasətə qayıtması da öz rolunu oynayıb. Azərbaycanlıların Gürcüstanda seçkilərdə təsiri hissedilən səviyyədədir".
Vasadze, eyni zamanda, prezident seçkilərinin ikinci turunun necə yekunlaşacağına dair fikir bildirməyə çətinlik çəkib: "İkinci turda həm psixoloji, həm də seçici üstünlüyü Vaşadzenin tərəfindədir. Xüsusilə hakim partiyanın malik olduğu maliyyə, administrativ və siyasi resurslar nəzərə alınsa, Gürcüstanda prezident seçkilərinin ikinci turu özü-özlüyündə gürcü cəmiyyəti üçün görünməmiş haldır. Bütün vasitələrə malik hakim partiyaya qarşı nəsə irəli sürmək mümkün deyildi. Lakin olanlar oldu. Bu isə ona görə baş verdi ki, artıq dünya dəyişib. Dünya texnologiyalar baxımından dəyişib və gürcü cəmiyyəti daha açıq olub. Bu seçkilərdə siyasi texnoloqlar qalib gəlib. Təbii, nəzərə almaq lazımdır ki, müxalifətin olduqca güclü və əvvəlkilərdən daha yaxşı namizədi var idi". Digər ekspert Artur Atayev isə qeyd edir: "Gürcüstanda azərbaycanlılar sabitləşdirici faktor kimi çıxış edir. Gürcüstan rəhbərliyi, müxalifət kimi, ölkənin azərbaycanlı azlığına böyük önəm verir. Bu məsələdə karbohidrogen boru kəmərləri amili heç də həlledici rol oynamır". Ekspert izah edib ki, tarixi və siyasi baxımdan azərbaycanlılar bu ölkənin sosial-mədəni landşaftının bir hissəsinə çevrilib: "Seçkilərin özünə gəldikdə isə, Zurabişvili erməni cəmiyyətinə simpatiya nümayiş etdirdi. Ola bilsin ki, azərbaycanlıların Vaşadzenin lehinə birləşməsinə əsl səbəb də budur".
Nahid SALAYEV