Məhəmməd Əsədullazadə: “Bu bir daha göstərir ki, sözügedən ölkələr Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyünü rəhbər tuturlar”
Məlum olduğu kimi, Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşü olub. Görüşdə Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov Mövlut Çavuşoğlu və Məhəmməd Cavad Zərif iştirak ediblər.
Görüşdə tərəflər üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Nazirlər coğrafi cəhətdən əlverişli mövqeyə malik üç ölkənin tranzit potensialının artırılmasına, eləcə də nəqliyyat infrastrukturunun inkişafı üçün əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər.
Nazirlərin imzaladığı İstanbul Bəyannaməsində deyilir ki, nazirlər beynəlxalq və regional təşkilatlar çərçivəsində sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən məsələlərə dair sıx məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Sənəddə tərəflər suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklərini vurğulayıblar.
“Bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında həllinin vacibliyini bir daha vurğuladılar", - deyə bəyannamədə bildirilir.
Ümumilikdə, sözügedən üç ölkənin xarici işlər nazirlərinin imzaladığı bəyanatda dövlətlərin ərazi bütövlüyü məsələsi ilə bağlı məqamların əks olunmasını ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna müsbət prizmadan yanaşdı: “İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü üçtərəfli format baxımından region üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Türkiyə ilə strateji və qardaşlıq əlaqələrinə malikdir. Həmçinin, İran qonşu və tərəfdaş ölkədir. Qeyd edim ki, İranla Azərbaycan arasında son illər yüksək əməkdaşlıq qarşılıqlı maraqlar çərçivəsində dinamik inkişaf edir. Bu ölkə ilə iqtisadi sahədə bir sıra birgə layihələr həyata keçirilir. Bundan əlavə, İran Azərbaycanla "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsini həyata keçirir. Göründüyü kimi, regionun iki aparıcı ölkəsi Azərbaycana diqqət ayırır və üçtərəfli əməkdaşlıq həyata keçirirlər. Bu, Azərbaycanın regionda apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. İstanbulda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin imzaladığı bəyannamədə ərazi bütövlüyü ilə bağlı məqamın yer alması mühüm əhəmiyyət kəsb edir. Bu bir daha göstərir ki, sözügedən ölkələr Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyünü rəhbər tuturlar. Görünən odur ki, Tehran açıq şəkildə Azərbaycanın yanındadır. Azərbaycan iki və üçtərəfli formatda region ölkələrini öz ətrafında birləşdirməklə, Ermənistanı izolyasiyaya məruz qoyur. Ermənistanın İranla əməkdaşlığının qarşısını alır”.
Vidadi ORDAHALLI