Elşən Mustafayev: “Ermənistana xas olan saxtakarlıq bütün çılpaqlığı ilə özünü göstərməkdədir”
Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da Ermənistan İctimai Televiziyasının canlı yayımında istefa verdiyini bəyan edib.
O, istefasının səbəbini belə əsaslandırmışdı: “Daha əvvəl dediyim kimi, mən bu gün baş nazir vəzifəsindən istefa verirəm. Bu istefanın məqsədi, baş nazir vəzifəsini tərk edərək, üzərimə düşən məsuliyyətdən boyun qaçırmaq deyil, əksinə, qeyri-zorakı, məxməri, xalq inqilabını məntiqi nəticəsinə çatdırmaq - tam hakimiyyəti xalqa qaytarmaqdır”.
N.Paşinyanın istefası Ermənistanda növbədənkənar parlament seçkiləri prosesinin başlanmasına səbəb olub. Belə ki, Paşinyanın istefası onun tələb etdiyi kimi, dekabrın əvvəlində növbədənkənar seçkilərin keçirilməsinə imkan verir. Demək olar ki, artıq Ermənistan parlamentinin buraxılması üçün formal prosedurlar başlayıb və faktiki olaraq, Ermənistanda seçki marafonu start götürüb.
Onu da qeyd edək ki, Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti tərəfindən baş nazirin istefası qəbul olunduqda Ermənistan hökuməti də istefa verir və parlamentdə təmsil olunan fraksiyalar bir həftə ərzində baş nazir vəzifəsinə öz namizədlərini təklif edə bilərlər. 2015-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, hazırkı parlamentin ləğv edilməsinə yalnız baş nazirin istefası yolu ilə nail olmaq mümkündür. Mövcud vəziyyətdə isə Ermənistanın baş naziri vəzifəsinə yeganə namizəd N.Paşinyandır.
Parlamentin buraxılması üçün formal proseduru həyata keçirmək məqsədilə Ermənistanın parlamentində baş nazirliyə yeganə namizəd olan N.Paşinyanın namizədliyi ilə bağlı səsvermə keçirilib. Gözlənildiyi kimi, bu səsvermədə N.Paşinyanın namizədliyi müdafiə olunmayıb. Parlamentdə çoxluq təşkil edən Respublikaçılar, “Tsarukyan” bloku və “Daşnaksütyun” fraksiyaları, əvvəlcədən elan etdikləri kimi, səsvermədə iştirak etməyiblər. Paşinyanın rəhbərlik etdiyi “Yelk” blokunun 11 üzvü səsvermədə bitərəf qalıblar. Beləliklə, N.Paşinyan “arzuladığı” kimi baş nazir seçilməyib.
Artıq məlum olub ki, “Tsarukyan” və “Yelk” bloku yenidən Paşinyanın namizədliyini irəli sürməklə guya onu baş nazir “seçmək” istəyirlər. Təbii ki, Paşinyan son səsvermədə də seçilmədiyi təqdirdə parlament tam buraxılır və ölkədə Paşinyanın istədiyi növbədənkənar seçkilər keçirilir. Ən maraqlı budur ki, Ermənistanda baş verən bütün proseslər demokratiya adı ilə bayağı saxtakarlıqla həyata keçirilir. Sanki hansısa gözəgörünməz qüvvə bu prosesləri idarə edir. Hətta vəziyyət o yerə çatıb ki, parlamentdə çoxluq təşkil edən, Paşinyana müxalif olan qüvvə də həmin dirijor çubuğunun göstərişinə uyğun olaraq “məxməri inqilab”ın liderinin mütləq hakimiyyətə yiyələnməsi üçün çalışır. Ermənistanda yaranan bu biabırçı vəziyyətə hansı adı vermək olar?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, artıq Ermənistanda düzənlənən tamaşanın növbəti səhnəsinə tamaşa ediləcək: “Kənardan baxanda çox biabırçı bir mənzərə canlanır. Verilən məlumatlara görə, Ermənistan parlamentinin iki fraksiyası yenidən Paşinyanın namizədliyini irəli sürüb. Təbii ki, burada saxtakarlıq edilir. Çünki həmin fraksiyalar bu yolla qanunu zorlayıb, növbədənkənar seçkilərin keçirilməsi kimi hədəfə çatmaq istəyirlər. Bilirsiniz ki, belə saxta cəhd birinci dəfə 24 oktyabrda edilib. Həmin vaxt parlament Paşinyanı seçə “bilmədi”. Onların Konstitusiyasının tələbinə görə, baş naziri seçmək üçün namizəd bir həftə müddətində irəli sürülməli, ondan sonrakı 12 saat ərzində isə səsə qoyulmalıdır.
Beləliklə, 1 noyabrda isə ikinci səsvermə keçiriləcək. Qeyd edim ki, N.Paşinyan parlamentdəki digər fraksiyaların baş nazir postuna namizəd irəli sürməyəcəyi barədə vədini alandan sonra 16 oktyabrda istefa verib və hazırda baş naziri əvəz edir. İstefadan sonra parlament iki dəfə baş naziri seçməyə cəhd etməlidir, hər iki cəhd uğursuz olarsa, parlament özünü buraxmalı və növbədənkənar seçkiyə gedilməlidir.
Əvvəlcədən danışıldığı kimi, ilk cəhddə Paşiny seçilmədi və parlament qanunvericiliyə əməl edilməsi üçün ikinci oyunu oynamaq məcburiyyətindədir. N.Paşinyanın 1 noyabrda da seçilməyəcəyi və beləliklə, növbədənkənar parlament seçkisinin elan olunacağı nəzərdə tutulur. Bəli, Ermənistanda həm hakimiyyət, həm də müxalifət bu ssenariyə tabe olunmuş vəziyyətdə demokratiya imitasiyası ilə məşğuldurlar. Parlamentdə çoxluq təşkil edən Serj Sarkisiyanın partiyası isə hansısa ciddi addımı atmaqdan sanki çəkinir. Bir dəfə analoji cəhd oldu, onda da Paşinyan bütün xalqı səfərbər edib, Ermənistanda əksinqilabın baş tuta biləcəyini bəyanladı. Bir sözlə, Ermənistana xas olan saxtakarlıq bütün çılpaqlığı ilə özünü göstərməkdədir”.
Məhəmmədəli QƏRİBLİ