Arzuxan Əlizadə: “Ölkədəki müəyyən ziyalı təbəqəsi ermənilərin hansı xislətə malik olmasının və Rusiya üçün nə kimi problemlər yaratdıqlarının fərqindədir”
Moskvada erməni memar Karo Alabyana heykəl qoyulmasına qarşı etiraz aksiyası keçirilir. Belə ki, sentyabr ayında Ermənistanın Rusiyadakı səfirliyinin Alabyana abidə qoyulması təklifi Moskva Mədəni İrs Departamenti tərəfindən bəyənilmişdi.
Yekun qərarı isə Moskva Şəhər Duması verməlidir. Ancaq bir qrup memar Alabyanın heykəlinin qoyulmasına qarşı çıxaraq petisiya imzalayıb. Onlara yüzlərlə şəhər sakini də qoşulub. Erməni mətbuatı bütün bu prosesləri böyük narahatlıq və məyusluqla izləyir. Maraqlıdır ki, erməni mətbuatı Alabyana qarşı aparılan kampaniyanın kökündə dayanan məqamları işıqlandırmır. Halbuki, qarşı tərəfin bununla bağlı çox ciddi arqumentləri var.
Avanqard Mərkəzinin rəhbəri, memarlıq tarixi üzrə mütəxəssis Aleksandra Selivanova Alabyanın sovet memarlığında roluna yenidən baxılması üçün artıq uzun illərdir mübarizə aparır və hətta onun elmi işlərindən biri bu mövzuya həsr olunub. A.Selivanova qeyd edib ki, “donos”la məşğul olan və ötən əsrin əvvəllərində repressiyalarda iştirak etmiş bir kəsə heykəl qoyulması tamamilə yolverilməzdir. Selivanovanın sözlərinə görə, Alabyan SSRİ Memarlar İttifaqında yaradıcı mühiti dağıtmış, işini yerlibazlıq və “donos”lar əsasında qurmuş, müsabiqələrin nəticələrini saxtalaşdırmış bir adamdır.
Selivanova SSRİ Memarlar İttifaqı partiya komitəsi iclaslarının stenoqramlarından bəzi nümunələr gətirir. Sitatlardan görünür ki, Alabyan gənc memarlara qarşı çıxır, onları ifşa edəcəyini, “maskalarını çıxaracağını” vəd edir, “formalizm” cərəyanının ardıcılları olan həmkarlarını cəzalandırmaqla hədələyir.
Moskvada Alabyanın heykəlinin qoyulmasına qarşı yaradılmış petisiyada qeyd olunur ki, Alabyan A.Burov, İ.Leonidov və bir çox digər memarın peşələrindən uzaqlaşdırılması, Konstantin Melnikov kimi məşhur memarın emalatxanasının əlindən alınaraq işindən kənarlaşdırılmasında yaxından iştirak edib. Alabyanın bir sıra həmkarları repressiyalara məruz qalıb və onun bu hadisələrdə rolu hələ sona kimi araşdırılmayıb. Petisiyada deyilir ki, Memarlar Birliyində bürokratik özbaşınalığın, donosculuğun və repressiyaların rəmzinə çevrilmiş bir adama Moskvada heykəl qoyulması Alabyanın qurbanlarının ruhu qarşısında ədalətsizlikdir.
Erməni mətbuatı bütün bunları qeyd etmək əvəzinə, Alabyana qarşı kampaniyanı Rusiyadakı ksenofobiya ilə əlaqələndirir. Guya bu ölkədə etnik ermənilərə qarşı münasibət mənfidir.
Bütün hallarda, Rusiya-Ermənistan münasibətlərinin indiki vəziyyətində məlum kampaniya nə deməkdir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu çox ciddi məqamlardan xəbər verir: “Əvvəla Rusiya kimi bir dövlətdə erməni memara qarşı məlum kampaniya təsadüfı deyil. Nəzərə almaq lazımdır ki, Rusiyada ermənilər bir sıra sahələrdə aparıcı mövqeyə malikdirlər. Ancaq buna baxmayaraq, Rusiyanın müəyyən ziyalı təbəqəsi ermənilərin hansı xislətə malik olmasının və bu dövlət üçün nə kimi problemlər yaratdıqlarının fərqindədir. Ona görə də son dövrlər ermənilərə qarşı daha çox çıxışlar edirlər. Bütün bunlarla yanaşı, erməni memar Karo Alabyana heykəl qoyulmasına qarşı kampanıyanın kökündə müəyyən siyasi amillər də var. Daha doğrusu, siyasi amillər bir qurup Rusiya ictimaiyyət nümayəndəsinin daha cəsarətli danışmasına şərait yaradır. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan baş nazir olandan sonra Rusiya siyasi hakimiyyətinin ona qarşı münasibəti yaxşı deyil. Hələlik bu özünü bütün çılpaqlığı ilə göstərməsə də, tərəflər arasında kifayət qədər ziddiyyətlərin olması göz qabağındadır. Məsələ ondadır ki, uzun illərdir Rusiyanın forpostu olan Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Moskvaya yönəlik siyasətdə fərqli münasibət özünü göstərir. Düzdür, hələlik N.Paşinyan bütün bunları açıq müstəvidə aparmağa çalışmır. Çünki hazırkı şəraitdə bunun nə qədər risqli olduğunun fərqindədir. Ancaq o bunu erməni xislətinə xas olan hiyləgər tərzdə gizli formada edir. Paşinyan fikirləşir ki, biz onsuz da Rusiyadan aldığımızı almışıq. Yəni Azərbaycan ərazilərinin işğal edilməsi Rusiyanın hesabına olub. Ermənistanı ağır iqtisadi vəziyyətdən isə ancaq Qərb sərmayəsi çıxara bilər. Bütün bunlar da Rusiyanın diqqətindən yayınmır. Düzdür, Rusiya hələlik Ermənistanı cəzalandırmağa tələsmir. Ancaq ara-sıra müxtəlif vasitələri işə salaraq Ermənistana öz yerini göstərmək istəyir. Bu baxımdan memarla bağlı baş verənlər də bu və ya digər dərəcədə sözügedən faktorla bağlıdır. Hesab edirəm ki, Rusiyada Alabyanla bağlı kampaniya bu ölkənin Ermənistanla münasibətlərinə təsirsiz ötüşməyəcək”.
Vidadi ORDAHALLI