“Amma bu heç bir halda, özünü Türkiyə və Azərbaycana olan münasibətlərdə əks etdirməyəcək”
Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb. Azərbaycan XİN-dən verilən məlumata görə, bəyannamədə nazirlər bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı Bəyannaməsinə sadiq olduqlarını vurğulayır, regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradələrini bir daha təsdiq ediblər.
Eləcə də nazirlər müxtəlif səviyyə və platformalarda, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsinə razılaşıblar.
O cümlədən, nazirlər beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəlikləri vurğulayıblar.
Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanıb.
Çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğulayan tərəflər etiraf ediblər ki, JCPOA-nın uğurla həyata keçirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir.
Bəyannamədə BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan, Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi, İran İslam Respublikasının JCPOA-ya əməl etdiyini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-nın həyata keçirilməsinə töhfə vermək öhdəlikləri xatırlanır. Bu xüsusda ölkələr arasında ticarət və kommersiya əlaqələrinin inkişafına mənfi təsir göstərdiyi üçün birtərəfli sanksiyalar pislənir.
Göründüyü kimi, üç ölkənin birgə qəbul etdiyi qərarda bir sıra vacib məqamlar nəzərə çarpır. Belə ki, yekun sənəddə İran İslam Respublikasının Birgə Hərtərəfli Fəaliyyət Planına əməl etdiyi qənaətinə gəlinib. Maraqlıdır ki, ABŞ isə İranın sözügedən plana əməl etmədiyini israrla vurğulayır. Hətta İrana qarşı tətbiq olunan sanksiyaların kökündə də məhz bu məqamın durduğu vurğulanır. Belə olan təqdirdə, qəbul edilən bəyannamədəki bəzi müddəaların bu üç ölkə ilə ABŞ arasındakı münasibətlərə nə kimi təsiri olacaq?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələdə narahatlıq üçün ciddi əsas yoxdur: “İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyəsi əsaında hazırlanan Fəaliyyət Planına əməl etdiyi təkcə bu sənəddə öz əksini tapmır. Eyni zamanda, həmin sənədi İranla birlikdə imzalamış Almaniya, Fransa, Rusiya kimi ölkələr də qüvvədə hesab edir. Həmin dövlətlər də hesab edirlər ki, İran imzalanmış sənəddə nəzərdə tutulan müddəaların hamısına əməl edir. Onlar İranla əməkdaşlığı məhz bu çərçivədə davam etdirməyin tərəfdarıdırlar. Avropa Birliyi də həmin dövlətlərin timsalında İranla münasibətlərin gərginləşməsində maraqlı deyil. Bu, danılmaz faktdır və dünyanın bütün ölkələri bundan xəbərdardır. Azərbaycanın da həmin sənədi Türkiyə ilə birlikdə dəstəkləməsi Avropa Birliyinin yanaşmasına tam uyğun olan bir mövqedir”.
Partiya sədri hesab edir ki, ABŞ-ın bununla bağlı elə bir sərt mövqeyi olmayacaq: “Burada söhbət sənədi imzalayan 3 deyil, iki ölkə ilə ABŞ-ın gələcək münasibətlərinin necə olacağından gedir. Çünki üçüncü ölkə İrandır və onunla ABŞ-ın münasibətləri çox gərgindir. Maraqlı olan Türkiyə və Azərbaycandır. ABŞ bu məsələdə özündən əvvəlki Obama administrasiyasının üzərinə gedir. Daha dəqiq mövqeyi biz ABŞ-da qanunverici orqana baş tutacaq noyabr seçkilərindən sonra görə bilərik. Tramp həmin seçkilərdən qalib çıxarsa, biz maraqlı proseslərin şahidi olacağıq. Amma bu, heç bir halda, özünü Türkiyə və Azərbaycana olan münasibətlərdə əks etdirməyəcək. Daha çox ABŞ-İsrail-İran münasibətlərində əks olunacaq. Bu baxımdan da imzalanan İstanbul Bəyannaməsindəki həmin detalla bağlı narahat olmağa dəyməz”.
Məhəmmədəli QƏRİBLİ