Yadigar Məmmədli: “Hesab edirəm ki, ölkəmizin təhlükəsizliyi baxımından da belə addımların atılması zəruridir”
Məlum olduğu kimi, “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimov oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıb.
Yayılan rəsmi məlumatda onun həbsinin səbəbi kimi Rəhimov İkram Rafiq oğlunun tabeliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər reket informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayması, bu qəbil materialların yayımının dayandırılması müqabilində pul tələb etməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması göstərilir.
Təbii ki, İkram Rafiqoğlu ilə bağlı hazırda istintaq gedir və ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb. Qanuna uyğun olaraq, onun əməllərinə son hüquqi qiyməti məhkəmə verəcək. Amma İ.Rafiqoğlunun həbsi ətrafında aparılan müzakirələr həm də ölkədə reket jurnalistlərin və reket nəşrlərin olmasını gündəmə gətirir. Bu qəbildən olan jurnalistlərin və nəşrlərin mövcudluğunun cəmiyyətə və dövlətçiliyimizə nə kimi ziyanı var?
Media eksperti Yadigar Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, bu cür jurnalistlərin və nəşrlərin mövcudluğunun dövlətçiliyimizə və cəmiyyətə ciddi ziyanı var: “Təəssüflər olsun ki, bəzi adamlar belə tendensiyanı yalnız jurnalistikanın problemi kimi səciyyələndirməyə çalışırlar, ancaq belə deyil. Mətbuat Şurası bu təhlükə ilə bağlı uzun müddətdir həyəcan təbili çalır, əlaqədar qurumlara və cəmiyyətə müraciətlər edirdi. Həmin müraciətlərdə vurğulanırdı ki, bu cür fəaliyyət göstərən adamlar eyni zamanda cəmiyyətə zərər yetirir və dövlətçiliyimizə ziyan vururlar. Artıq görürük ki, medianın adından istifadə edib öz korporativ maraqlarını əyri yollarla təmin edən şəxslər və nəşrlərə qarşı ciddi mübarizəyə start verilib. Çox yaxşı haldır ki, qanunazidd fəaliyyətlə məşğul olan bu qəbil şəxslər ciddi nəzarətə götürülür. Mənə elə gəlir ki, bu istiqamətdə mübarizə daha da sərtləşməlidir. Bilirsiniz ki, insan hər hansı bir peşəyə yiyələnmək üçün uzun yol keçir. Oxuyur, təcrübə yığır. Amma bəziləri yaranmış vəziyyətdən sui-istifadə etməklə bir günün içində özlərinə sayt açıb, jurnalistə çevrilib, qanunazidd fəaliyyətlə məşğul ola bilirlər. Başqa sahələrdəki peşələrlə bağlı sui-istifadə hallarına qarşı necə sərt mübarizə aparılırsa, düşünürəm ki, bu, jurnalistika ilə də bağlı olmalıdır”.
Ekspertin sözlərinə görə, belə halın yaranmasının həm obyektiv, həm də subyektiv səbəbləri var: “Biz müəyyən etdik ki, bu kimi nəşr və şəxslərin arxasında müəyyən vəzifəli şəxslər və qurumlar da dururdu. Müqayisə etsək belə nəticəyə gələrik ki, 100 il əvvəl imkanlı adamlar necə qoçular saxlayırdılarsa, indi də bəzi məmurlar öz istəklərini həyata keçirmək üçün bu qəbildən olan jurnalistləri saxlayırdılar. Hətta bəzi reket nəşrlərin ölkə xaricindən də maliyyələşdiyinə dair faktlar ortaya çıxırdı. Təbii ki, bu cür hallar da dövlətçiliyimiz üçün təhdiq sayıla bilər. Hesab edirəm ki, ölkəmizin təhlükəsizliyi baxımından da belə addımların atılması zəruridir”.
Məhəmmədəli QƏRİBLİ