Məhəmməd Əsədullazadə: “Razılaşma siyasi-iqtisadi əməkdaşlıq, hərbi-texniki, humanitar sahələri əhatə etməklə üç ölkənin mümkün dəyişikliklərə hazır olmaları deməkdir”
Məlum olduğu kimi, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşünün İstanbul Bəyannaməsi imzalanıb. Belə ki, 29 oktyabr 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlunun dəvəti, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun və Gürcüstanın xarici işlər naziri David Zalkalianinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin VII görüşü keçirilib.
Nazirlər,
- Siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars, Tiflis və Bakı Bəyanatlarına sadiq olduqlarını vurğulayıblar;
- Müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü, eləcə də ilk Gürcüstan Demokratik Respublikasının 100-cü ildönümü münasibətilə təbrik ediblər;
- Üç ölkə arasında ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın yüksəlməsindən dərin məmnunluq ifadə ediblər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinə güclü sadiqliklərini bir daha təsdiqləyiblər;
- Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan ediblər və bu xüsusda fiziki və hüquqi şəxslərin fəaliyyətlərinin bu prinsiplərlə tam uyğun olmasını razılaşıblar.
Bəyannamədə o cümlədən digər məsələlərlə bağlı razılaşmalar öz əksini tapıb. Növbəti üçtərəfli görüşün Gürcüstanda keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Ümumilikdə, üç region ölkəsi arasında imzalanan sözügedən bəyannamənin əhəmiyyətini ekspertlər necə şərh edirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Cənubi Qafqaz ölkələri, Ermənistan istisna olmaqla, Türkiyə ilə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatına malikdirlər. Hər üç ölkəni birləşdirən enerji və nəqliyyat daşıyıcıları, xalqların rifahına və regionda stabilliyə xidmət edir. Sirr deyil ki, ölkəmizin müəllifi olduğu neft və qaz kəmərləri, həmçinin, Bakı-Tiflis-Qars dəmir yolu üç ölkənin bu spektrlər üzrə strateji əməkdaşlığını dərinləşdirir. Bu da üçlü siyasi-iqtisadi ittifaqın əsasını qoyur. Türkiyənin tarix boyu Cənubi Qafqazda maraqları olub. Ankaranın Azərbaycanla olan qardaşlıq əlaqələri və bunu siyasi meydanda sübut edən addımları düşmənləri məyus edir. Artıq İstanbulda keçirilən nazirlərin 7 konfransında Bəyannamə də imzalanıb. Bəyannamə siyasi-iqtisadi əməkdaşlıq, hərbi-texniki, humanitar sahələri əhatə etməklə üç ölkənin mümkün dəyişikliklərə hazır olmaları deməkdir. Hazırda üç ölkə arasında ciddi problem yoxdur və bu dövlətlər qarşılıqlı maraqlara önəm verir. Xüsusilə iqtisadi layihələrlə bu ittifaq dərinləşdirilir. İstanbul Bəyannaməsi gələcək perspektiv üçün çox mühüm sənəddir. Ölkələri bir-birinə birləşdirən vasitələri özündə ehtiva edir. Biz bunları bir daha iqtisadi və siyasi xətt üzrə inkişaf etdirəcəyik”.
Vidadi ORDAHALLI