Firdovsiyyə Əhmədova: “I Dünya Müharibəsinin başa çatması Azərbaycan xalqının dövlətçiliyinin bərpası və cümhuriyyət quruluşlu bir dövlətin yaranması ilə nəticələndi“
Bu il I Dünya Müharibəsinin başa çatmasından 100 il ötür. Dünya tarixində dərin izlər qoyan, dünyanın coğrafi sərhədlərini dəyişən I Dünya Müharibəsinin bitməsi Azərbaycan xalqının taleyində necə rol oynayıb?
“I Dünya Müharibəsi Azərbaycan xalqının müqəddəratında önəmli rol oynadı. Xüsusən də Rusiya mütləqiyyətinin devrilməsi məhz I Dünya Müharibəsinin gedişatında baş verdi. Mütləqiyyətin devrilməsi Rusiyada yaşayan bütün xalqlar, o cümlədən də Azərbaycan xalqı üçün öz müqəddəratını təyin etmək imkanı yaratdı. Ona görə də Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, I Dünya Müharibəsi olmasaydı, fevral inqilabı olmazdı, fevral inqilabı olmasaydı, Azərbaycan Cümhuriyyəti yaranmazdı. Çünki Fevral inqilabından sonra söz, mətbuat azadlığı, insanların öz müqəddəratını təyin etmək üçün hüquqlarını anlamaq və müdafiə etmək imkanı yaranmışdı. Bu baxımdan, I Dünya Müharibəsinin gedişatında 1917-ci ilin yazından etibarən Azərbaycanın muxtariyyəti uğrunda bir hərəkat başlandı. Təbii, Azərbaycanın muxtariyyətinə imkan vermək istəməyən qüvvələr 1918-ci ilin yazında Azərbaycan xalqına qarşı qətliamlar törətdilər. Belə bir situasiya yarandı ki, I Dünya Müharibəsinin aparıcı blokunun üzvü olan dövlətlər həm də Cənubi Qafqaz, Xəzər hövzəsi uğrunda mübarizədə rəqiblərə çevrilmişdilər. Düzdür, onlardan Antantanın üzvü olan İngiltərə və Fransa artıq keçmiş müttəfiqləri Rusiya İmperiyasının ərazisini öz aralarında bölüşdürmək üçün gizlin saziş imzalamışdılar. Bu baxımdan, həmin gizlin sazişə görə, Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz ərazisi Böyük Britaniyanın nüfuz dairəsinə aid edilmişdi. Digər tərəfdən isə, əks blokda dayanmış, yəni mərkəz blokun üzvü olan Almaniya dövləti də bu regionda maraqlı idi və Almaniyanın müttəfiqi Osmanlı dövləti artıq, faktiki olaraq, Brest-Litovskin nəticələrini Qafqaz Seymi tanımadığına görə regionda aktiv diplomatik və hərbi aktora çevrilmişdi. Bu baxımdan, Almaniya, Osmanlı dövləti, Böyük Britaniya, Sovet Rusiyası dünyanın böyük hərbi gücünə malik dövlətlər idilər” - deyə tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bizimlə söhbətində bildirdi.
Bu qüvvələrin maraqlarının Bakı nefti uğrunda kəsişdiyini vurğulayan F.Əhmədovanın sözlərinə görə, Bakı məsələsi I Dünya Müharibəsi dövründə beynəlxalq məsələyə çevrilib. Onun bildirdiyinə görə, I Dünya Müharibəsinin son ilində Bakı uğrunda böyük hərəkat başlanıb və Almaniya ilə Sovet Rusiyası arasında gizlin saziş imzalanıb. “Nəticə etibarilə Cənubi Qafqazda 3 respublikanın yaranması və Azərbaycan xalqının öz dövlətçiliyini bərqərar etməsi yönündə əzmli fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına səbəb oldu. I Dünya Müharibəsinin bitməsinin Azərbaycan üçün ən böyük nəticələrindən biri məhz cümhuriyyət quruluşlu bir dövlətçiliyin yaradılması idi. Bu baxımdan I Dünya Müharibəsinin başa çatmasının 100 illiyinin qeyd olunması təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə eyni dövrə təsadüf edir. Biz bu baxımdan Azərbaycan Cümhuriyyətini I Dünya Müharibəsinin bitməsini siyasi xəritədə yeni bir dövlətin yaranması ilə nəticələnən sonuclarından biri kimi qəbul edə bilərik. Sözsüz ki, I Dünya Müharibəsinin nəticələri Paris Sülh Konfransında çözülürdü, Antanta aparıcı mövqe tutan dövlətləri birləşdirirdi. Azərbaycanın nümayəndə heyəti də Paris Sülh Konfransında kifayət qədər əzmkar bir fəaliyyət göstərmişdi və nəticədə 1920-ci ildə Azərbaycanın Antanta Ali Şurası tərəfindən de-fakto tanınmasına nail olmuşdular. Yəni, faktiki olaraq, I Dünya Müharibəsinin başa çatması Azərbaycan xalqının dövlətçiliyinin bərpası və cümhuriyyət quruluşlu bir dövlətin yaranması ilə nəticələndi”-deyə alim bildirdi.
İradə SARIYEVA