“Hansısa pis mənada yeniliyi gözləməyə dəyməz”
Məlum olduğu kimi, Azərbaycanın yaxın qonşusu olan Gürcüstanda keçirilən prezident seçkilərində əldə olunan nəticə ikinci turun keçirilməsini vacib edir. Seçkinin birinci turunda Fransada doğulmuş keçmiş xarici işlər naziri Salome Zurabişvili cüzi fərqlə irəlidə olub, amma yetərincə səs toplaya bilmədiyi üçün ikinci turun keçirilməsinə qərar verilib. Zurabişvili səslərin 38,6 faizini toplayıb. Onu hakimiyyətdəki “Gürcü Arzusu” partiyası dəstəkləyir. Bu partiyanın arxasında milyarder oliqarx Bidzina Ivanişvili dayanır.
Zurabişvilinin əsas rəqibi və keçmiş prezident Mixail Saakaşvilinin namizədi kimi tanınan Griqol Vaşadze bu seçkidə 37,7 faiz səs toplayıb. Yəni onlar arasında səs fərqi bir faizdən də azdır. Nəzərdə tutulan ikinci tur Zurabişvili ilə Vaşadze arasında keçiriləcək. Griqol Vaşadze isə hakim partiyaya qarşı antikorrupsiya çıxışları ilə fərqlənir və kampaniya dövründə yoxsulluğa qarşı mübarizə çağırışları ilə yadda qalıb.
Hakimiyyətin namizədinin 1-ci turda qalib gələ bilməməsini bəzi təhlilçilər artıq müxalifətin qələbəsi kimi görür. Belə ki, 2020-ci ildə ölkənin siyasi həyatında daha mühüm rola malik parlamentə seçki gözlənir. İkinci turla yekunlaşacaq və nəticəsi bəlli olacaq prezident seçkilərinin yekunundan sonrakı növbəti hakimiyyət dövrünün Azərbaycan –Gürcüstan münasibətlərinə təsiri necə olacaq?
Politoloq Nəzakət Məmmədova qəzetimizə bildirdi ki, qonşu ölkədə keçirilən seçkilərin nəticələrinin ölkəmiz tərəfindən diqqətlə izlənilməsi təbiidir: “Gürcüstanda keçirilən bu seçkilər son birbaşa prezident seckiləridir. Bundan sonra ölkənin siyasi sistemində dəyişikliklər nəticəsində prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq. Bildiyimiz kimi, "Gürcü arzusu" partiyasının rəhbəri Bidzina İvanaşvili bir müddət öncə siyasətə qayıtdı. Lakin o, partiyasının prezident seçkilərində namizəd irəli sürməsinə tərəfdar deyildi. Bunu da onunla əsaslandırırdı ki, onun partiyası parlamentdə yer çoxluğuna malikdir. Prezidentin səlahiyyətlərinin məhdudlaşacağı səbəbindən o, "Gürcü arzusu"nun prezident seckilərində iştirakını məqsədəuyğun saymadı. Müxalifət isə, məlum olduğu kimi, "Güc birlikdədir" bloku ilə seçkilərə getmək barədə bu ilin iyul ayında qərar qəbul etdi. Onların da içərisində ən güclüsü Saakaşvilinin "Vahid milli hərəkat partiyası"dır və o, Qriqol Vaşadzenin namizədliyini irəli sürdü.
Artıq bildiyimiz kimi, seçkilərin birinci turunda heç bir namizəd qalib gəlmədi. Salome Zurabişvilinin qərargahı exit-pollda onun 52 faiz səs toplayacağını qeyd etmişdi. Lakin bu baş vermədi. İstənilən halda, Gürcüstana sözügedən iki şəxsdən biri rəhbərlik edəcək. Onlardan hər hansı birinin prezident seçilməsi Azərbaycanla olan münasibətləri dəyişməyəcək. Bu seçkinin növbəti parlament seçkilərinin nəticələrinə də təsirinin olacağı dəqiqdir. Hətta hökumətdəki çoxluq da yeni qüvvənin əlinə keçsə, bunun iki ölkə arasındakı münasibətlərə təsiri olmayacaq. Çünki ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsində qurulub. Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox meqa layihələrin iştirakçısıdır və ordan gəlir götürür. Bu baxımdan da, onlara münasibəti pozmaq heç vəchlə xeyir etməz. Azərbaycan –Gürcüstan münasibətləri hakimiyyətə yenidən gəlmək şansı olan Saakaşvilinin dönəmində də uğurla inkişaf edib. Prezidentliyə namizədlərin arxalandığı hər iki gücün idarəetməsi dönəmində münasibətlər yüksək səviyyədə olubsa, hansısa pis mənada yeniliyi gözləməyə dəyməz”.
Məhəmmədəli QƏRİBLİ