ABŞ Prezidenti Trampın müşaviri Boltonun Cənubi Qafqaz səfərinin təhlili regionumuzu gözləyən mühüm və pozitiv dəyişikliklər barədə çox ciddi qənaətlərə gəlməyə əsas verir.
Bu sözləri “Bakı-Xəbər”ə sözügedən ABŞ rəsmisinin səfərini şərh edən baş redaktor Aydın Quliyev deyib. Onun sözlərinə görə, Boltonun rəsmi bəyanatları göstərir ki, ABŞ özünün strategiyasında Azərbaycanla əməkdaşlığa daha geniş arena ayırmaq fikrindədir və bu istiqamətdə Azərbaycanın imkanlarının tam üzə çıxmasına mane olan regional problemləri aradan qaldırmaq üçün fəallığını artırmağa hazırlaşır: “Boltonun açıqlamalarından görünür ki, Ermənistan rəhbərliyi ilə daha çoxsaylı məsələləri həm də açıq və yönəldici tonla müzakirə edib. Şübhə yoxdur ki, İrəvanda Azərbaycanın qlobal enerji təhlükəsizliyinə böyük töhfə verici rolunu, Qarabağ probleminin daha böyük iqtisadi-enerji layihələrinin icrasına maneçilik etdiyini, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasını, bu ölkənin ağır iqtisadi durumdan xilasının tək Qarabağ probleminin həllindən asılı olduğunu müzakirə ediblər. Ermənistan üçün ən pis reallıqlardan biri odur ki, Qarabağ probleminin həll edilib-edilməməsindən asılı olmayaraq, ABŞ-ın Azərbaycana silah satışının başlanması Boltonun bölgəyə səfərindən sonra daha real olmağa başlayır. Rusiya ilə bütün sahələrdə rəqabət apardığını gizlətməyən ABŞ Azərbaycanın böyük partiyalarla silah almaq imkanlarına göz yuma bilməz, bu bazarı başqa ölkələrin inhisarına buraxa bilməz. “Silahlanmada rəqabət bəzi məsələlərin həlli metodu kimi çıxış edir” sözləri ilə Boltonun nəyə işarə etdiyi tam aydındır. Azərbaycana ABŞ-ın silah satışını məhdudlaşdıran “907-ci düzəliş”in dayandırıla biləcəyi barədə bəyanat da Amerikanın bu planlarından xəbər verir. Amerika diplomatları Qarabağ probleminin tarixi boyunca hələ heç vaxt indiki qədər açıq və yönəldici tonda danışmayıblar. ABŞ-ın yeni davranışları ilk növbədə Azərbaycanın imkanları ilə, regional enerji nəqliyyat layihələrinin icrasındakı həlledici rolu və qlobal transmilli cinayətlərlə mübarizəyə verdiyi töhfələrlə bağlıdır. Bu kontekstdə Azərbaycan regionda ABŞ-ın strateji tərəfdaşı kimi heç bir ölkə ilə əvəz oluna bilməz. Regionda Ermənistanın təcavüzkar kimi cilovlanması bu istiqamətlər üzrə yeni perspektivlər aça bilər. ABŞ-ın bu yeni şansları əldən buraxması bağışlanmaz olardı.