Ölkəmizdə reket jurnalistikaya qarşı mübarizənin yeni dalğası başlayıb. “Reallıq.info” saytının baş redaktoru İkram Rafiqoğlu (Rəhimov) ayrı-ayrı şəxsləri şantaj etdiyi, onlara şər-böhtan atdığı, qarayaxma həyata keçirdiyi üçün Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb.
Tanınmış media mütəxəssisi Müşfiq Ələsgərli “İkram Rəhimovun “açıq məktub”una sözardı” adlı məqaləsində reket jurnalistin həbsinə münasibət bildirib. “...Amma təəssüf ki, İkram Rəhimov və tabeliyində olan şəbəkə, hətta bu anda belə, baş verənlərlə bağlı yanlış informasiyalar yayır, ictimai rəyi çaşdırır, onun saxlanmasına səbəb olan real məqamların açıqlanmamasına çalışırlar. İkram Rəhimov DTX tərəfindən saxlanmamışdan öncə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova açıq məktub ünvanlamış, həmən məktubda Mətbuat Şurasının təmsilçilərindən biri olaraq, şəxsimə qarşı yalan, qərəz dolu ittihamlar səsləndirmişdir. Guya Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Şuranın Şikayətlər üzrə komissiyasının sədri olaraq mən İkramın həbsini istəmişik. Onun cənab Həsənova ünvanladığı məktub-məqalənin ictimailəşməsindən bir müddət sonra İ.Rəhimovun saxlanması, istər-istəməz, elə rəy yaradır ki, bu iki məsələ arasında əlaqə var. Məsələnin təfsilatını bilməyənlər üçün belə düşünmək məntiqlidir” - deyə qeyd edən M.Ələsgərli yazır ki, MŞ-nin və digər qurumların çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, İ.Rafiqoğlu bəd əməllərindən əl çəkməyib. M.Ələsgərlinin yazdığına görə, İ.Rafiqoğlu əlində olan saytlardan istifadə edərək şər-böhtan kampaniyasını daha da genişləndirib və şər-böhtan atmaqda davam edib. MŞ-ni və onun rəhbərliyini hədəf alan İ.Rafiqoğlunun əməllərinin DTX tərəfindən ifşa olunduğunu vurğulayan M.Ələsgərli “Mətbuat Şurası xəbərdarlıq etdi, anlamadı. RNYTN dəfələrlə xəbərdarlıq etdi, anlamadı. Rəhbərlik etdiyi saytların fəaliyyəti qanunlara sığmadığı üçün dəfələrlə bloklandı, nəticə çıxarmadı. “Reallıq.info” bloklandı, əvəzində “reallıqinfo.az” saytını açdı, o da bloklandı, əvəzində http://xn--reallq-t9a.org/ açdı... Bu münvalla rəhbərlik etdiyi saytlar barədə 6 dəfə inzibati ölçü götürüldü, nəticə çıxarmadı. İndi də həbs edilib. Yenə nəticə çıxarmır. Hələ də iddia edir ki, kiminsə bəlasına tuş gəlib! Hədəf seçdiyi adamlara çıxış yolu buraxmır. Adamlar “Reallıq.info” səhifələrində şərə, böhtana, təhqirə məruz qalırlar. Hara üz tutsunlar? Mətbuat Şurasını dinləmir, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini dinləmir, məhkəməni dinləmir... Onun şərindən əziyyət çəkənlər sonda DTX-yə müraciət ediblər. Əgər bu da nəticə verməsə, yəqin ki, İkramla "ənənəvi qaydada" hesablaşacaqdılar. Yaxşı ki, ölkəmiz hüquqi dövlətdir, məsələlər hüquq müstəvisində həll edilir. Amma hüquq onu anlayan, dərk edənlər üçündür. İkram ilk mərhələdə, Mətbuat Şurasından xəbərdarlıq aldığı zaman nəticə çıxarsaydı, fəaliyyətini qanuni müstəvidə qursaydı, indiki duruma düşməzdi. Burada nə mən, nə Mətbuat Şurası, nə də başqa biri günahkar deyil” - deyə məqaləsində bildirir.
İradə SARIYEVA