“Mən mətbuat sahəsində fəaliyyətə başladığım ilk dövrlərdən reket jurnalistikanın kəskin əleyhinə çıxanlardan biri olmuşam. Şanlı tarixi olan milli mətbuatımızda mənəvi dəyərlərimizə zidd olan reketçilik fəaliyyəti, bütövlükdə, jurnalistikanın adına ləkədir və ümumiyyətlə, media fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Hər zaman əlaqədar orqanların, həm rəsmi qurumların, həm də Mətbuat Şurasının və digər təşkilatların reket jurnalistlərə qarşı apardıqları mübarizəni ciddi şəkildə müdafiə etmişəm, bu gün də müdafiə edirəm. Belə fəaliyyətdə olanlar uzun illərdir Azərbaycan mətbuatına fasiləsiz olaraq zərbə vurmaqla məşğuldurlar. Təəssüflə vurğulayım ki, son hadisələrə bənzər olaylar ilk dəfə deyil ki, baş verir”.
Bunu “Bakı-Xəbər”ə “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev “Reallıq.info” saytının baş redaktoru kimi təqdim edilən İkram Rafiqoğlunun DTX tərəfindən saxlanmasına münasibət bildirərkən deyib.
N.Əliyev, həmçinin, qeyd edir ki, reket jurnalistlərin fəaliyyətinə son qoyulması üçün əlavə tədbirlər görülməlidir. O hesab edir ki, insanlara şər-böhtan atan şəxslərin fəaliyyətinə qarşı barışmaz olmalıyıq. “Məsələ burasındadır ki, belə insanları nə qədər cəzalandırsalar da, bunun sonu gəlmir. Biri cəzalandırılır, müəyyən müddət keçir, bir başqası meydana çıxır. Ona görə də Mətbuat Şurasının və onun rəhbər şəxslərinin adlarının belə çirkin məsələlərdə hallandırılmasını tamamilə pisləyirik və MŞ-nin belə şəxslərə qarşı apardığı mübarizəni dəstəkləyirik. Hesab edirəm ki, gec-tez, bu mübarizənin sonu olmalıdır, mətbuatın adına yaraşmayan, ona ləkə gətirən adamlar, kimliyindən asılı olmayaraq, sıradan çıxmalıdırlar” - deyə N.Əliyev vurğuladı.
İradə SARIYEVA