Reket jurnalistlərin müxtəlif insanları şantaj etməsi, onlara qarşı yalan, şər kampaniyası aparması, hədə-qorxu yolu ilə onlardan pul tələb etməsi kimi hallara qarşı mübarizənin daha sistemli şəkil alması ən arzuedilən haldır. “Reallıq.info” saytının baş redaktoru İkram Rafiqoğlu rekertçilik fəaliyyətinə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanıb.
Əməkdar jurnalist, media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, İ.Rafiqoğlunun DTX əməkdaşları tərəfindən saxlanması başqa reketçilik fəaliyyəti ilə məşğul olan və bunun üçün medianın adından sui-istifadə edən insanlara dərs olmalıdır. A.Həsrət hesab edir ki, reketçiliklə məşğul olan insanların hər birinə qarşı qanunvericilik müstəvisində sərt tədbirlər görülməlidir. İ.Rafiqoğlunun saxlanmasının reketçiliklə mübarizə sahəsində görülən işlərdən biri olduğunu deyən A.Həsrətin fikrincə, İ.Rafiqoğlu kimilərinə qarşı daha sərt davranılmalıdır: “Biz İ.Rafiqoğlu kimilərlə bağlı illərdir həyəcan təbili çalırıq və hökuməti daha sərt addımlar atmağa çağırırıq. Bizim çağırışlarımız çox zaman nəzərə alınmadığı üçün, bu cür reket jurnalistlər və jurnalistikadan sui-istifadə edən adamların əl-qolu açılıb. Hətta elə olub ki, reketçilik fəaliyyəti ilə məşğul olan adamlar saxlanıb, lakin sonradan sərbəst buraxılıblar. Bu da bu yolu tutan adamların bir az da əl-qol açmasına imkan verib. Belə olduğu halda, onların qarayaxmasından, şantajından, şər-böhtanından insanlar zərər görüblər. Vaxtilə hazırda DTX tərəfindən saxlanan şəxs və onun ətrafında olanlarla, eləcə də olmayanlarla, lakin eyni fəaliyyəti bölüşdükləri şəxslərlə bağlı Mətbuat Şurasına şikayətlər daxil olub, biz o şikayətləri araşdırmışıq, onlara xəbərdarlıqlar etmişik. Bu adamların adlarını Mətbuat Şurasının “qara siyahı”sına da salmışıq. Lakin onlar heç nəyə əhəmiyyət vermədən fəaliyyətlərini davam etdiriblər”.
A.Həsrət deyir ki, qanunvericiliyə dəyişikliklərin edilməsi vacibdir. O hesab edir ki, qanunvericiliyə dəyişikliklər edilərsə, jurnalistikanın adından sui-istifadə edən adamların meydanı daralar. “Qanunvericilikdə dəyişiklik edilməlidir. Mətbuat Şurasının xəbərdarlığını alan insanların heç olmasa 6 ay, yaxud 1 il müddətinə fəaliyyətinə qadağa qoyulmalıdır ki, o, neqativ fəaliyyətinə görə cəzalandırıldığını bilsin. Jurnalistikaya baş aşağılığı gətirən, ondan sui-istifadə edən adamlar cəzalandırılmalıdır. İkram və İkramkimiləri həbs olundusa və günahları sübuta yetirildisə, onun və ona bənzər insanların mətbuat sahəsində çalışması yasaqlanmalıdır. İkram kimilərin media sahəsində işləməsi ona görə yasaqlanmalıdır ki, onlar cəzalarını çəkib qurtardıqdan sonra yenidən mətbuatın, jurnalistikanın adından sui-istifadə edərək, insanları şantaj edib, onlara şər-böhtan atmasınlar” - deyə A.Həsrət bildirdi.
İradə SARIYEVA