Qabil Hüseynli: “Buna görə də onun azərbaycanlılara prezident kimi bəsləyəcəyi münasibətdən danışmağa heç lüzum da görmürəm”
Gürcüstanda keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. Ölkədə keçirilən prezident seçkilərində bülletenlərin, demək olar ki, hamısı sayılandan sonra bəlli olub ki, seçki marafonunun liderləri – hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə “Güc birlikdədir” müxalif birliyin lideri Qriqol Vaşadze arasında bir faizdən az fərq var.
Salome Zurabişvili 38. 62 % , Qriqol Vaşadze isə 37. 74 % səs toplayıb.
Bu o deməkdir ki, Gürcüstan tarixində ilk dəfə prezidenti birinci turda seçə bilməyiblər və ikinci tur olacaq. Gürcüstanda prezident seçkilərində seçici fəallığı 46,74% təşkil edib.
Göründüyü kimi, namizədlər arasında çox cüzi səs faizi fərqi var. Bir sıra informasiya resurslarının verdiyi məlumata görə, Gürcüstanda seçkinin ikinci tura qalmasının səbəblərindən biri də həmin ölkədə yaşayan azərbaycanlıların nümayiş etdirdikləri mövqe ilə bağlıdır. Bildirilir ki, “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvilinin soydaşlarımızın kompakt yaşadığı regionlardan lazımi şəkildə səs toplaya bilməməsinin səbəbi onun ermənilərin sıx yaşadığı Cavaxetiyada antitürk məzmunlu çıxışlar etməsilə bağlıdır.
Xanım namizəd olan Salome Zurabişvilinin ikinci turda seçilmək şansı necə dəyərləndirilə bilər və onun seçiləcəyi halda azərbaycanlılara qarşı münasibəti necə olacaq?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xanım namizədin növbəti turda qələbə qazanacağına inamı çox azdır: “Bilirsiniz ki, seçkinin favoriti olan namizədlər arasında toplanan səs faizi arasındakı fərq çox cüzidir. Bu o anlama gəlir ki, seçkinin taleyini digər namizədlərin kimə səs verməklə bağlı edəcəyi çağırışlar həll edəcək. Onların isə əksəriyyəti belə çağırışı Vaşadzenin xeyrinə edəcəyini bildirib. Onsuz da xanım namizəd nə azərbaycanlıların, nə də sadə gürcülərin səsini toplaya bilib. Onun topladığı səslərin çoxu inzibati resurslar hesabına mümkün olub. Burada Rusiya və İvanaşvilinin dəstəyi açıq hiss edilir. İkinci turda vəziyyət daha dramatik olacaq. Azərbaycanlıların da hamısı bir nəfər kimi Vaşadzeyə səs verəcək. Çünki bu namizəd soydaşlarımızın hüquqları barədə çox gözəl sözlər söyləyib, onlarla oturub çay içmişdi. Xanım namizəd isə soydaşlarımızın qıcığına səbəb olan açıqlamaları ilə yadda qalmışdı. Düşünürəm ki, soydaşlarımızın namizədlərlə bağlı formalaşan rəyində bu amillər önəmlidir. Saakaşvili mütləq özünü ikinci tura yetirəcək. Bu da kifayət edəcək ki, xalq bir nəfər kimi onun partiyasına səs versin. Rusiya seçkiyə kobud müdaxilə etməsə, xanım namizədin prezident olmaq arzusu reallaşmaycaq. Buna görə də onun azərbaycanlılara prezident kimi bəsləyəcəyi münasibətdən danışmağa heç lüzum da görmürəm”.
Məhəmmədəli QƏRİBLİ