Yeganə Hacıyeva: “Görünən budur ki, regional güclər Suriya problemini öz aralarında həll etməyə daha çox üstünlük verirlər”
Xəbər verildiyi kimi, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya Kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Suriya mövzusunda dördtərəfli zirvə görüşü keçirilib.
Türkiyə, Rusiya, Almaniya və Fransa liderləri zirvə görüşünün yekunlarına dair mətbuat üçün bəyanatlarla çıxış ediblər. Görüşdən sonra yayılan bəyannamədə Suriyada davamlı atəşkəsin önəmi vurğulanıb və tərəflər bunun üçün birgə səy göstərməkdə qərarlı olduqlarını ifadə ediblər. Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyiblər. Sənəddə deyilir: “Türkiyə, Fransa, Rusiya və Almaniya liderləri Suriya münaqişəsinə dair son hadisələri nəzərdən keçirərək münaqişələrin istər region, istərsə də qlobal təhlükəsizlik və sabitlik üçün doğurduğu təhdidlərdən ümumi qayğısını ifadə edir. Onlar Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini bir daha təsdiqləyirlər”.
Sammitdə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində atılması vacib olan addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması, ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ilin sonunadək Suriyada konstitusiya komitəsinin formalaşdırılması işini başa çatdırmağa çağırıb.
Diqqətçəkən vacib məqamlardan biri budur ki, Suriyanın gələcək taleyi ilə bağlı aparılan müzakirələr ABŞ-ın iştirakı olmadan keçirilib. ABŞ-sız qəbul olunan Suriya ilə bağlı qərar perspektiv üçün hansı nəticələri vəd edir?
Ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nə qədər maraqlı olsa da, bu müzakirə ABŞ-sız olaraq 3 NATO ölkəsi və Rusiya arasında aparıldı: “Başqa diqqətçəkən məqam isə ondan ibarətdir ki, burada yalnız ABŞ-ın iştirak etməməsi maraqlı görünmür. Eyni zamanda, regional güc olan İranın da iştirakı olmadan bu proses həyata keçirilib. Hesab edirəm ki, həmin sammitdə əsas müzakirələr Rusiya ilə Türkiyə arasında aparılıb. Çünki hər iki ölkə Yaxın Şərqdə ciddi təsir imkanlarına malikdir. Digər iki iştirakçının isə həmin regionda yalnız qiyabi iştirakı mövcuddur. Sammitin keçirilməsi ilə bağlı əvvəlcə Türkiyə ilə Rusiya arasında razılaşma vardı. Sonra Putinin Almaniyaya səfəri zamanı Merkelin də İstanbulda keçiriləcək Suriya ilə bağlı tədbirdə iştirakına dair razılıq əldə olundu. Tədbirin keçirilməsinə iki həftə qalmış isə Makronun iştirakına dair razılıq əldə olundu. Ona qədər elə təsəvvür olunurdu ki, konflikt üçtərəfli qaydada müzakirə ediləcək. Türkiyə həm yaxınlığında olan bu ocağı söndürməyə çalışır, həm də problemin öz maraqları çərçivəsində həllində maraqlıdır. Qlobal təhlükəsizliyə təsir göstərən bu konflikt yalnız həmin regiondakı ölkələri narahat etmədiyi üçün, biz müzakirələrdə başqa böyük ölkələri də görürük. Uzun müddət həmin güclər konflikti qlobal təhlükəsizliyə problem yaradan kimi qəbul etmədilər. Uzun illər ərzində buna ciddi yanaşılsaydı, bugünkü vəziyyət yaranmazdı. Nəhayət, 7 ildən sonra Avropanın iki nüfuzlu ölkəsi və digər iki ölkə bu konflikti yenidən müzakirə etmək qərarına gəliblər. Adətən bu tip konfliktlərdə Fransa ortaq mövqedən çıxış edir və maksimum çalışır ki, öz maraqlarına xələl gəlməsin. Ancaq ABŞ-ın iştirak etmədiyi bu müzakirələrdə iştirak etməklə Fransanın bir qədər qətiyyətli addım atdığı görünür. Bir növ, 7 il ərzində Rusiyanın bu münaqişə ilə bağlı israr etdiyi yanaşmaya yaxın mövqedən çıxış edir. Almaniya isə daha çox miqrantların ölkədən çıxarılmasını istəyir. Hazırda Almaniya 800 min miqrantı öz ölkəsindən çıxarmaq haqda qərar qəbul edib.Onların da 80 minini Suriya qaçqınları təşkil edir”.
Yeganə Hacıyeva hesab edir ki, bundan əvvəl Astana və Soçidə keçirilən müzakirələrdə biz ümumi regional yanaşma görmüşdük: “Daha çox İran, Rusiya və Türkiyənin fəallığı nəzərə çarpırdı. Hətta həmin müzakirələrdə yaradılan işçi qrup Suriyanın gələcək konstitusiyasının necə olacağını da müzakirə etmişdi. Həmin qanunun qaralama variantı da var. Bu, Suriyada qanunu hakimiyyətin olduğu bir zamanda baş verirsə, deməli, Suriyanın taleyi kənarda həll olunur. Bu baxımdan da ABŞ-ın müzakirələrdən kənarda saxlanması olduqca maraqlıdır. İstanbulda İran yada salınsa da, ABŞ barədə danışan olmadı. Putin açıq mətnlə dedi ki, bu konfliktin nizamlanmasında İran unudulmamalıdır. Ancaq ABŞ-a heç işarə olunmadı. Çünki Suriya məsələsində Türkiyənin ABŞ-la maraqlarının uzlaşmadığı ciddi məqamlar var. Rusiya hesab edir ki, Fəratın şərqi ABŞ-dan təmizlənməlidir, çünki onlar qanunsuz yerləşiblər. Bu məqama isə Almaniya və Fransa tərəddüdlə yanaşırlar, çünki ABŞ-la münasibətləri pisləşdirmək istəmirlər. Görünən budur ki, regional güclər Suriya problemini öz aralarında həll etməyə daha çox üstünlük verirlər. Xüsusilə də ABŞ-ın prosesdən kənarda saxlanması ilə bağlı məsələdə onların fikirləri üst-üstə düşür”.
Məhəmmədəli QƏRİBLİ