Ramil Hüseynov: “Bütün mümkün vasitələrlə çalışmalıyıq ki, Avropa mətbuatı erməni işğalçılarının Dağlıq Qarabağda törətdikləri vəhşilikləri işıqlandırsın”
Qərb mətbuatı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsini və bölgənin təbiətinə vurduğu ziyanı kifayət qədər işıqlandırmır. Məlum olduğu kimi, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada amerikalı ekspert, Market Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq əlaqələr üzrə mütəxəssis Piter Teys deyib.
Teys Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycana qarşı aparılan informasiya müharibəsi barədə danışıb. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fəaliyyəti flora və faunaya zərər vurur, Dağlıq Qarabağın təbiətinə ciddi təhlükə törədir.
P.Teys vurğulayıb ki, qondarma rejim regionun təbii ehtiyatlarının istismarı siyasətini həyata keçirir: “Dağlıq Qarabağda ətraf mühitə işğal olunmuş ərazilərdə keçirilən hərbi təlimlər də ziyan vurur".
Amerikalı ekspert onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi zamanı minlərlə azərbaycanlı qoca, qadın və uşaq qətlə yetirilib. Onun fikrincə, bütün bunların daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması vacibdir.
Məlumat üçün qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
Həqiqətən də Qərb mətbuatı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsini, işğalın bölgənin təbiətinə vurduğu ziyanı, orada ötən illər ərzində törədilən vandalizmi kifayət qədər işıqlandırmır. Halbuki, buna çox böyük ehtiyac var.
Maraqlıdır, Qərb mətbuatında sözügedən məsələ niyə kifayət qədər işıqlandırılmır?
Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov bunu bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi Qərbdəki erməni lobbisinin əlaqələri ilə bağlıdır. Çox təəssüflər olsun ki, onların imkanları Qərb mətbuatına müəyyən qədər çatır. Onlar bundan istifadə edərək Dağlıq Qarabağla bağlı həqiqətlərin yayılmasını əngəlləyirlər. Bir sıra hallarda bunu yanlış formada, yəni ermənilərin xeyrinə olan tərzdə təqdim edirlər. Çünki Qərbin bir sıra nüfuzlu media orqanlarında erməni mənşəli şəxslər fəaliyyət göstərir. Düzdür, ermənilər əsasən Rusiya KİV-lərində daha çox təmsil olunurlar. Bu özünü Rusiya mətbuatının timsalında zaman-zaman göstərib. Ancaq Qərbdə də uzun illərdir erməni lobbisinin şəbəkələşməsi və müəyyən əlaqələrə malik olması səbəbindən onlar Avropa ölkələri mətbuatında Qarabağ həqiqətlərinin yayılmasına mane olurlar. Xüsusən Fransa mətbuatında, ümumiyyətlə, erməni işğalçılarının Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən yazılmır. Dağlıq Qarabağla yanaşı, erməni işğalçıları ətraf 7 rayonu işğal ediblər. Əsasən də ətraf 7 rayonun bütün yaşayış məntəqələri məhv edilərək yer üzündən silinib. Flora və faunaya ciddi zərər vurulub və bu indi də davam edir. Məsələn, Laçın rayonu böyük meşə massivlərinə malik idi. İşğal nəticəsində meşələrin böyük hissəsi vəhşicəsinə məhv edilib. Zəngilan rayonunda nadir çinar ağacları vardı. Erməni vandalları həmin ağacları kəsərək mebel sənayesində istifadə edirlər. Əlbəttə ki, yaxşı olardı bütün bunlar Qərb mətbuatında öz əksini tapsın. Belə olarsa, o zaman biz Avropada erməniləri daha böyük müstəvidə ifşa edə bilərik. Avropa ictimai rəyinin bütün bunları bilməsinə böyük ehtiyac var. Ona görə də biz bu istiqamətdə səylərimizi daha da artırmalıyıq. Bütün mümkün vasitələrlə çalışmalıyıq ki, Avropa mətbuatı erməni işğalçılarının Dağlıq Qarabağda törətdikləri vəhşilikləri işıqlandırsın”.
Vidadi ORDAHALLI