“Ermənistanda anti-Rusiya ab-havasının yaranmasında heç bir qeyri-adilik yoxdur. Məgər ermənilər ruslardan əvvəl Osmanlıya xəyanət etməyiblərmi? Osmanlıda “sadiq millət” imici qazanan ermənilərin sonra o adın altında necə minalar partlatdıqlarının şahidi tarixdir. Ermənilərin hansı xalqdan, hansı dövlətdən, hansı liderdən işləri keçirsə, ona “sədaqət” nümayiş etdirirlər.
Necə ki, vaxtilə onlar Azərbaycana “dost” münasibəti göstərirdilər, sonra xəyanət etdilər. İndi də Rusiyaya qarşı əməllərini ortaya qoyurlar. Bu gün İrəvandakı Rus Dram Teatrının bağlanması ilə bağlı irəli sürülən fikirlər, aparılan kampaniyalar Ermənistandakı anti-Rusiya meyllərinin güclənməsinin təzahürüdür. Hesab edirəm ki, bunu Rusiyada da yaxşı bilirlər. Ümumiyyətlə, ermənilərin hansı xislətə sahib olduqlarını dünyanın bütün beyin mərkəzləri yaxşı bilirlər, sadəcə, onlardan bir alət kimi istifadə etdiklərinə görə özlərini görməzliyə vururlar. Bu gün, Azərbaycandan fərqli olaraq, Ermənistanda rus dilinə, rus mədəniyyətinə, rus teatrına münasibət qətiyyən müsbət deyil. Ermənistan bu məsələdə heç cür Azərbaycanla müqayisə edilə bilməz. Azərbaycanda başqa xalqlara, mədəniyyətlərə, onların dəyərlərinə, dillərinə çox müsbət münasibət var. Ölkəmiz gerçək tolerant bir dövlət kimi dünyada tanınır. Bizim ölkədə Rus Dram Teatrı fəaliyyət göstərir. Bu teatrın fəaliyyəti dövlət tərəfindən dəstəklənir, rus icmaları fəaliyyətdədir. Ali və orta məktəblərdə rus dilinin tədrisi geniş səviyyədə həyata keçirilir. Bunların isə heç biri Ermənistanda müşahidə edilmir”. Bunu “Bakı-Xəbər”ə Ermənistanda anti-Rusiya tendensiyasının güclənməsinə və bu ölkədə fəaliyyət göstərən Rus Dram Teatrının bağlanması ilə bağlı ermənilərin çağırışlarına münasibət bildirərkən Atatürk Mərkəzinin şöbə müdiri, Milli Qeyri-Hökumət Təşkilatları İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı deyib.
Ə.Qoşalının sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycanda heç bir dövlətə və xalqa qarşı ayrıseçkilik kampaniyası aparılmır. Ölkəmizin tarixən başqa xalqlarla, mədəniyyətlərlə müsbət təmaslar qurduğunu deyən Ə.Qoşalının dediyinə görə, hətta ölkəmizdə yaşayan müxtəlif xalqlar bir-birinə dəyər verərək qız verib, qız alırlar. Bütün dünyanın Azərbaycandakı multikultural və tolerantlıq mühitinə xüsusi müsbət münasibət bildirdiyini deyən Ə.Qoşalı hesab edir ki, Ermənistanda isə bu sahədə vəziyyət müsbət deyil.
Qeyd edək ki, rusiyalı ekspert, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçuk “Trend.az”a açıqlamasında Ermənistanda anti-Rusiya tendensiyalarının gücləndiyini deyib. “Bu gün Ermənistanda Rus Teatrının bağlanması tələbinin və tələbin teatrın bədii rəhbəri vəzifəsinə namizədlərdən biri tərəfindən səsləndirilməsi heç də boş yerə yaranmayıb” - deyə Trofimçuk qeyd edib.
İradə SARIYEVA