Vüqar Rəhimzadə: “ABŞ iqtisadi və digər vacib məsələlərdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev və Con Bolton arasında keçirilən görüşdə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi nəhəng enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərir.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Bolton Azərbaycanın regionda oynadığı rolu praqmatik olaraq dəyərləndirir. Bu ölkənin nə qədər vacib bir missiya həyata keçirdiyinin fərqindədir. Bolton Bakıya səfəri zamanı əvvəlki bəzi ABŞ rəsmilərinin atdığı addımları atmadı. Məsələn, demokratiya və insan hüquqları sahəsində vəziyyət kimi mövzularla hakimiyyətə təzyiq yolu ilə getmədi. Bu mövzularda sosial şəbəkələrdə hansısa çağrışlar, fikirlər səsləndirmədi. Bu bir daha ABŞ-ın hazırkı hakimiyyətinin Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəməməsinin göstəricisi idi. Boltonun səfəri onu göstərir ki, ABŞ terrorizmə qarşı mübarizədə, enerji sahəsində və bu kimi digər vacib sahələrdə Azərbaycanla əməkdaşlıqda qərarlıdır.
O üzdən, bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Azərbaycana səfəri uğurlu səfərlərdən biri idi: “Bu bir daha ABŞ-ın Azərbaycanla yaxın və strateji tərəfdaş olduğunu vurğuladı. Hesab edirəm ki, bütün bunlar çox əhəmiyyətlidir. Düşünürəm ki, qarşılıqlı münasibətlərin inkişaf etməsində və daha da zənginləşməsində səfərin əhəmiyyəti böyük olacaq. Azərbaycanla enerji sahəsində əməkdaşlıq daha da genişlənəcək və ölkəmizin regionda oynadığı vacib tranzit əhəmiyyətinə önəm veriləcək. Təsadüfi deyil ki, Bolton Azərbaycanın Avropanın enerji təchizatında rolunu yüksək qiymətləndirdi. Bununla bağlı əməkdaşlığın daha da dərinləşdirilməsi arzusunda olduğunu bildirdi. Ümumiyyətlə, səfər həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətli səfər idi. Eyni zamanda, bu səfər kifayət qədər müsbət çalarlarla zəngin olan bir səfər idi. Ona görə də onun Azərbaycana verdiyi yüksək qiymət və ambisiyalardan, digər fikirlərdən uzaq mövqeyi çox vacib məsələ idi. Bu, qarşılıqlı münasibətlərin daha da inkişafına xidmət edəcək. Bu, rəsmi Vaşinqtonun Azərbaycanın daxili işlərinə müdaxilə etmək siyasəti yürütmədiyini göstərdi. ABŞ iqtisadi və digər vacib məsələlərdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.
Vidadi ORDAHALLI