Məhəmməd Əsədullazadə: “Bu gün konfliktin həll edilməməsi İrəvanın avantürist siyasətinin bariz nümunəsidir”
“Ermənistana olan xarici təzyiqin azaldılmasının ən düzgün yolu Qarabağ müanqişəsinin həllinin təmin edilməsidir”. Bunu Ermənistanda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İrəvanda keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, nizamlanmada ilk növbədə münaqişə tərəflərinin özləri maraqlı olmalıdır: “Dağlıq Qarabağ münaqişəsinin həlli çətindir, çünki əgər bu asan olsaydı, münaqişə indiyədək həllini tapardı. Mənim səfərim ABŞ-ın mövqeyinin dəyişməsi, yaxud özümlə yeni həll təklifləri gətirməyim anlamına gəlmir. Sələflərimdən biri olan Cim Beykerin də söylədiyi kimi, heç kəs tərəflərin özü qədər sülh istəmir”.
Bolton onu da vurğulayıb ki, Ermənistana olan xarici təzyiqin azaldılmasının ən düzgün yolu Qarabağ münaqişəsinin həllinin təmin edilməsidir. Onun fikrincə, münaqişə tərəfləri hər bir şey barədə müzakirə apara, danışa bilərlər və danışmalıdırlar. Trampın köməkçisi, həmçinin, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini deyib: “Əgər seçkilər nəticəsində Paşinyan və onun siyasi partiyası güclü mandat əldə etsə, bu, münaqişənin nizamlanması məsələsində həlledici addımların atılması üçün yaxşı imkan olacaq”.
Həqiqətən də Dağlıq Qarabağ münaqişəsi həll olunsa, o zaman Ermənistana xarici təzyiqlər azalacaq. Eyni zamanda, bu ölkə digər region ölkələri kimi inkişaf edəcək. Bu baxımdan Boltonun məlum yanaşmasını ekspertlər necə şərh edirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun regiona turnesi hesab edirəm ki, Vaşinqtonun yeni siyasi strategiyasından xəbər verir. İlk səfərini Rusiyadan başlamaqda məqsəd, bir növ, Kremlin Cənubi Qafqaz siyasəti ilə bir daha yaxından tanış olmaq və buna uyğun Ağ Evin Cənubi Qafqaz regionu ilə bağlı siyasətini uzlaşdırmaqdır. Moskvadan sonra Azərbaycana səfəri ölkəmizin regionda siyasi-iqtisadi əhəmiyyətinə verdiyi önəmlə bağlıdır. Xüsusilə Azərbaycanın regionun açar dövləti olması bu məsələdə mühüm rol oynayır. Hazırda ölkəmiz ABŞ-ın sanksiya tətbiq etdiyi və konfrontasiya yaşadığı Rusiya və İranla həmsərhəddir. Ona görə də Vaşinqton çalışır ki, Ermənistanın işğal siyasəti sona yetsin və nəticədə təhlükəsizlik çəmbəri formalaşsın. Qeyd edim ki, C.Boltonun İrəvanda açıq şəkildə məhz Ermənistanı xarici təzyiqlərin qarşısını almaq üçün münaqişənin həllinə çağırması bu ölkənin əsasən Rusiya forpostundan çıxmasına hesablanıb. Bolton demək istədi ki, məhz Ermənistan Qarabağ münaqişəsinə görə Moskvadan asılıdır və təzyiqlərlə üzləşir. Bolton da Vaşinqtonun bu mesajını ermənilərə ona görə verir ki, müstəqil və inkişaf etmiş bir dövlət qurmaq istəyirsinizsə, münaqişəni həll edin. Bəli, bu gün konfliktin həll edilməməsi İrəvanın avantürist siyasətinin bariz nümunəsidir. Nə qədər ki, işğalı davam etdirəcəklər, ABŞ və Avropanın tam maliyyə və siyasi dəstəyini ala bilməyəcəklər. Bu da Ermənistanda baş verən inqilabın fiaskoya uğraması olacaq. Ermənistanda inqilabın müsbət dəyişiklikləri yalnız işğala son qoymaqla baş verə bilər. Bolton bunu açıq şəkildə İrəvanda Ermənistanın nəzərinə çatdırdı. Burada Azərbaycanın ədalətli mövqeyinə eyham vurdu”.
Vidadi ORDAHALLI