Akif Nağı: “… yalnız öz gücümüzə güvənməliyik”
Ermənilər 27-ci ildir işğal altında saxladıqları Kəlbəcər rayonunda daha iki kiçik su elektrik stansiyası (SES) istifadəyə veriblər. Bu haqda separatçı nəşrlərə qondarma rejim “başçısının müşaviri” hesab olunan Araik Arutyunyan adlı şəxs məlumat verib. SES-lərdən biri Lev çayı, digəri isə “Trxe” adlandırılmış digər çayımızın üzərində tikilib.
Elektrik stansiyalarının Avropa texnologiyasına uyğun tikildiyi bildirilir. Qeyd edək ki, ermənilər işğal altında saxladıqları Dağlıq Qarabağın ətrafında olan rayonlarda müxtəlif qanunsuz layihələr icra edirlər. Bir müddət əvvəl Ermənistanla işğal altındakı Azərbaycan ərazilərini birləşdirən üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Həmin yolun Araz çayı boyunca, yəni Zəngilan, Cəbrayıl və Füzulidən keçirilməsi nəzərdə tutulur.
Bu günlərdə ABŞ-ın İrəvandakı səfiri missiyasını başa vurmaqda olan Riçard Millz bildirmişdi ki, Ermənistanda Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün işğal edilmiş ərazilərin bir hissəsinin qaytarılması barədə heç düşünən də yoxdur. Hansı ki, diplomata görə, istənilən nizamlama variantında ərazilərin bir hissəsinin qaytarılması qaçılmazdır, ermənilər isə bu kompromisi yaxına buraxmaq istəmirlər. Çox maraqlıdır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş rayonları əhatə edən, sülh prosesinə birbaşa mane olan bu cür qondarma layihələrin reallaşmasına konkret etirazlarını bildirmirlər? Bu cür biganə münasibəti necə izah etmək olar?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, sadalanan layihələrə birinin də adını əlavə edə bilərik: “Qondarma rejimin “spikeri” belə bir bəyanat verib ki, onlar Dağlıq Qarabağın ətrafında yeni 100 minlik şəhər salmaq istəyirlər. Hətta deyirlər ki, həmin şəhərin layihəsi də hazırdır, bu işlərə start vermək qalır. Niyyətləri də budur ki, guya həmin şəhərə Bakı və Sumqayıtdan çıxarılan erməniləri yerləşdirsinlər. Bu şəkildə onlar öz məkrli planlarını həyata keçirirlər. Hətta deyərdim ki, xaricdən onlara ciddi dəstək də verilir. Müşahidə edirik ki, son aylar ərzində qondarma qurumun dəvəti ilə ora reallaşan beynəlxalq səfərlərin sayında da artım görürük. Onlar bu cür əməlləri ilə bizə çatdırmaq istəyirlər ki, işğal edilmiş torpaqların qaytarılması mümkün olmayan prosesdir. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bu yöndə ermənilərin fəaliyyətinə ciddi dəstək verirlər. ATƏT-in Minsk Qrupu həmsədrləri də bu məsələdə müşahidəçi rolunda çıxış edirlər, ermənilərin belə məkrli və qanuna uyğun olmayan hərəkətlərinə göz yummaqla, ümumuiyyətlə, reaksiya vermirlər”.
QAT sədri bildirdi ki, bu yaxınlarda həmsədrlərin yenidən regiona səfəri planlaşdırılır: “Görəcəksiniz, həmin səfər çərçivəsində qətiyyən bu məsələlərə toxunmayacaqlar. Əksinə, gəlib Azərbaycana arxayınlaşdırıcı bəyanatlarını eşitdirəcəklər. Onların bu dəfə də Dağlıq Qarabağa səfəri planlaşdırılır. Bu səfəri nə üçün edirlər? Biz dəfələrlə bunu da demişik ki, bu tip səfərlər də münaqişənin həllinə kömək etmir. Əksinə, qondarma qurumun təbliğinə şərait yaradır. Bu səbəbdən də dediyiniz məsələlərlə bağlı həmsədrlərdən reaksiya gözləmək yersizdir. Çünki onların özü də bu planın içindədirlər. Bu proseslərin qarşısını almaq üçün yalnız öz gücümüzə güvənməliyik. Belə məkrli planları pozmaq üçün biz dünya çapında real müttəfiqlərimizlə daha ciddi iş aparmalıyıq. Əks təqdirdə ermənilər bir-bir layihələrinin sayını artıracaqlar”.
Məhəmmədəli QƏRİBLİ