Bəhruz Quliyev: “Reallıq ondan ibarətdir ki, ABŞ Azərbaycan müxalifətini ciddi bir qüvvə kimi qəbul etmir”
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycanda səfərdə olub. Bütün mənalarda Boltonun Bakı səfəri yaddaqalan oldu. Belə ki, ABŞ rəsmisi səfər zamanı Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək bir sıra məsələləri müzakirə edib.
Boltonun mətbuat nümayəndələrinə səfərlə bağlı verdiyi açıqlamalardan da açıq-aydın hiss olunurdu ki, səfər uğurlu alınıb. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Con Bolton Bakıda səfərdə olarkən Azərbaycanın müxalifət partiyaları ilə görüş keçirmədi. Bu bir tərəfdən ölkə müxalifətinin hansı vəziyyətdə olmasının göstəricisi idisə, digər tərəfdən, ABŞ-dakı indiki hakimiyyətin iqtidarla heç bir probleminin olmamasının göstəricisi idi. Müşahidələr göstərir ki, Tramp administrasiyası hakimiyyətə gələndən sonra ABŞ-la Azərbaycan hakimiyyəti arasında hansısa bir soyuqluq yaşanmayıb. Nəinki yaşanmayıb, heç bunun hansısa əlaməti belə özünü göstərməyib.
Başqa bir tərəfdən, reallıq ondan ibarətdir ki, Azərbaycan müxalifəti xalq arasında hansısa ciddi sosial dayaqlara malik deyil. Ona görə ki, ictimaiyyət müxalifətə inanmır, ona bütün hallarda stavka etmir. Faktiki olaraq, ölkə müxalifəti ictimai rəyə təsir etmək imkanında deyil. Xalq müxalifətin arxasınca getmir. ABŞ rəsmisi də bütün bunların fərqində olduğu üçün müxalifət təmsilçiləri ilə hansısa görüşün keçirilməsini rəva görmədi. Bolton bununla Azərbaycan hakimiyyəti ilə anlaşma münasibətində olduğunu da göstərdi.
Bütün bunların fonunda, ekspertlər Boltonun müxalifət təmsilçiləri ilə görüşməməsini necə şərh edirlər?
Məsələyə münasibət bildirən “Səs” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyevin sözlərinə görə, belə səfərlərdə əsasən dövlət rəhbərləri ilə görüşlər nəzərdə tutulur: “Bu nəinki bizdə, bütün dünyada belədir. Nəzərə almaq lazımdır ki, Boltonun Azərbaycana gəlişi dövlət səviyyəsində bir səfər idi. Səfər zamanı Bolton Qafqazda gedən proseslərə münasibət bildirdi, cənab Prezidentlə görüşdə Azərbaycan barəsində pozitiv fikirlər səsləndirdi. Eyni zamanda, onun Dağlıq Qarabağla bağlı yanaşması pozitiv oldu. Hesab edirəm ki, bu, ABŞ dövlətinin regionda Azərbaycana olan müsbət münasibətinin göstəricisidir. Bu da rəsmi olaraq ortaya qoyulub. Müxalifətin vəziyyətinə gəldikdə isə, mənzərə göz qabağındadır. Bugünkü müxalifət müəyyən dövrlərdə Azərbaycan əleyhinə iş aparsa da, görünür, bütün bunlar xaricdən çox cılız görünür. Reallıq ondan ibarətdir ki, ABŞ Azərbaycan müxalifətini ciddi bir qüvvə kimi qəbul etmir. O üzdən, səfər zamanı müxalifət Boltonun yadına belə düşmədi. Bu onu göstərir ki, Azərbaycanda dağıdıcı müxalifət heç bir ölkə tərəfindən dəstəklənmir. Radikal müxalifətin bugünkü fəaliyyəti küçə zəminində bir-birini ittiham etməkdən ibarətdir. Belə olan halda, əlbəttə ki, ABŞ və Avropa rəsmiləri müxalifət təmsilçiləri ilə görüşməkdə maraqlı olmazlar. Sosial dayağı olmayan müxalifətlə əlbəttə ki, xarici rəsmilər görüşməyəcəklər. Sağlam və konstruktiv mövqeyə malik olmayan müxalifətlə xarici dövlət rəsmiləri görüşməz. Cılızlaşmış və nostalji hisslərlə yaşayan müxalifət nə Azərbaycana, nə də ABŞ-a lazım deyil. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, Birləşmiş Ştatların hazırkı hakimiyyəti ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”.
Vidadi ORDAHALLI