Əli Əliyev: “Boltonun məlum bəyanatının arxasında ABŞ dövlətinin ciddi niyyətləri durur”
Ermənistanda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İrəvanda keçirdiyi mətbuat konftransında maraqlı açıqlamaları ilə yadda qalıb. O bildirib ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən “907-ci düzəliş”in ləğvi barədə Vaşinqtonda hələ hansısa qərar verilməyib.
Jurnalistlərin “ABŞ tərəfindən Azərbaycana dövlət səviyyəsində yardımı məhdudlaşdıran “907-ci düzəliş”in ləğvi balansın pozulmasına gətirib çıxara bilərmi?” sualına cavab olaraq Bolton bildirib ki, “indiki məqamda bununla bağlı qərar qəbul edilməyib və nəyisə təxmin etmək, yaxud zəmanət verə bilmərəm”.
Bolton ABŞ-ın Azərbaycana silah satışının mümkünlüyü ilə bağlı məsələni də şərh edib: “Vəziyyət belədir ki, Ermənistan özü Rusiyadan silah alır, Azərbaycanın da silahlarının 80 faizi Rusiya istehsalıdır. Belə vəziyyət Qarabağ münaqişəsinin nizamlanmasına kömək etmir, çünki Rusiya üçün münaqişə tərəflərinə əlavə təzyiq rıçaqı rolunu oynayır və sülhə gətirmir”.
Trampın köməkçisi onu da əlavə edib ki, silahlanmada rəqabət bəzi məsələlərin həlli metodu kimi çıxış edir və istənilən halda, Amerikanın silahları Rusiyanınkından daha yaxşıdır. Qanunların qəbul olunması zamanı da bu vəziyyəti nəzərə almaq lazımdır.
Qeyd edək ki, Con Bolton Azərbaycana səfəri zamanı "Amerikanın səsi"nə verdiyi müsahibədə Prezident Donald Trampın öz səlahiyyətlərindən istifadə edərək “907-ci düzəliş”in qüvvəsini dayandıra biləcəyini deyib. Bunun ardınca münaqişə tərəflərinə öz istehsalı olan silahları təqdim etməsi çox maraqlı görünür. Bolton bununla “907-ci düzəliş”in ləğvinə işarə etməklə, sadəcə, silah təklif edir, yoxsa, Dağlıq Qarabağ münaqişəsinin həllində əlavə şərtlər irəli sürmək üçün yeni təzyiq imkanlarını qazanmaq istəyir?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sualda sadalanan versiyaların sırasını bir qədər də böyütmək olar: “Bunu həm də Rusiyanın maddi gəlirlərini aşağı salmaq üçün yeni bazarlığın təklifi kimi də qiymətləndirmək mümkündür. Trampın “hər şey amerikalılar üçün” şüarının tərkib hissəsi kimi də qiymətləndirə bilərik. Bundan əlavə, Dağlıq Qarabağ məsələsində ABŞ-ın əlavə təzyiq vasitəsi əldə etməsi üçün düşünülmüş addım kimi də dəyərləndirmək olar. Şübhəsiz ki, Boltonun bəyanatının çoxcəhətli şaxələri var və onların heç birini digərlərinə qarışdırmaq olmaz. ABŞ kimi nəhəng dövlətlər xüsusən də Bolton ranqında olan bir rəsmisi səviyyəsində bəyanat verən zaman heç vaxt bir hədəfə istiqamətlənmirlər. Hazırda ABŞ Rusiya ilə münasibətlərinin yeni keyfiyyətdə qurulmasına həvəs göstərir. Xüsusən də noyabr ayında ABŞ-da keçiriləcək parlament seçkiləri zamanı respublikaçılar böyük üstünlük əldə etməyi planlayırlar. Bu səbəbdən də onlar Rusiyaya qarşı daha sərt ritorika ortaya qoymağa cəhd edirlər. Əslində, cənab Boltonun Cənubi Qafqaza olan səfəri də bu çərçivədədir. Moskva görüşündən sonra qövsün Bakı və İrəvan arasında yekunlaşması da bu siyasətin tərkib elementidir. Bununla ABŞ açıq şəkildə göstərir ki, Rusiya ilə yeni dönəmə daxil olan zaman onun üçün Cənubi Qafqaz prioritet sayılacaq siyasi coğrafiyadır. Bir sözlə, Boltonun məlum bəyanatının arxasında ABŞ dövlətinin ciddi niyyətləri durur”.
Məhəmmədəli QƏRİBLİ