Seyid Camal Əzimbəyli: “Hesab edirəm ki, Prezident İlham Əliyevin bu yöndə sadaladığı fikirlərə müsəlman ölkələri əməl etsə və...”
“Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev mühüm məqamlara toxunub.
Ölkə başçısının sözlərinə görə, Azərbaycanda multikulturalizm dövlət siyasətidir: “Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır”.
Prezident vurğulayıb ki, Azərbaycanda islam həmrəyliyi tam bərqərar olub: “Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyllər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər islam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur”.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Prezidentin bu məsələdə ortaya qoyduğu yanaşma tamamilə düzgündür və reallığı özündə əks etdirir: “Çünki bütün bunlar bir-biri ilə sıx bağlıdır. Yalnız bu dəyərlərin bərabər tətbiq olunduğu halda ortaya real nəticə qoymaq olar. Necə ki, Azərbaycan buna nail olub. İslam həmrəyliyinin təmin olunması nə qədər vacibdirsə, multikulturalizm bir o qədər mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda digər səmavi dinlərə sitayiş edən millətlər yaşayır. Onların adət-ənənələrinə, dini ayinlərinə hörmətlə yanaşılır. Dövlət vəsaiti hesabına Azərbaycanda sinaqoqlar, kilsələır və digər bu kimi ibadətgahlar təmir olunub. Bununla bağlı bir sıra işlər görülüb. Bütün bunların fövqündə dayanan başlıca faktor isə dövlətin apardığı düzgün siyasətdir. Yəni dövlət bütün mənalarda bununla bağlı ədalətli siyasət aparmalıdır. Necə ki, biz bunu Azərbaycanın timsalında müşahidə edirik. Ona görə də Azərbaycan bu mənada dünya üçün, xüsusən də islam ölkələri üçün bir nümunədir. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu yöndə sadaladığı fikirlərə müsəlman ölkələri əməl etsə və bundan irəli gələn ideyaların həyata keçirilməsi təmin edilsə, o zaman ciddi müsbət nəticələr əldə olunacaq. Həmin ölkələrdə dini və digər zəmində qarşıdurmalar olmayacaq. Ona görə də bu ölkələr Azərbaycanın sözügedən sahədə əldə etdiyi nailiyyətlərdən bəhrələnməlidir. Azərbaycan modeli bununla bağlı ən yaxşı sistemdir. Bundan istifadə olunmalıdır”.
Vidadi ORDAHALLI