Azər Həsrət: “Bu xüsusda biz Savelyevi gerçəyi danışanların sırasına aid edə bilərik”
VI Bakı Humanitar Forumunda "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusunda keçirilən işçi sessiyada çıxışı zamanı Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib ki, 2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşən zaman qondarma separatçı rejim informasiya müharibəsi faktından geniş istifadə etdi: “ABŞ-da və Avropada olan erməni lobbisi, həmin ölkələrin rəhbərliyi bu istiqamətdə aktiv şəkildə işləməyə başladı".
Savelyevin sözlərinə görə, onlar aprel müharibəsi zamanı baş verənləri təhrif edərək yanlış təəssürat yaratmağa çalışdılar: “Erməni tərəfi dünya KİV-i ilə aktiv iş aparırdı. Qondarma rejim aprel müharibəsi zamanı gündəlik press-brifinqlər keçirir, jurnalistlərin suallarını cavablandırır, peyk vasitəsilə ödənişsiz yayımlar həyata keçirirdilər. Bununla da dünya birliyinin erməni separatçıları tərəfindən çıxış etməsi üçün bütün işlər görülürdü”.
Rusiyalı deputatın sözlərinə görə, Azərbaycan tərəfi də dünya KİV-ləri ilə çox ciddi iş gördü və nəticədə ümumi vəziyyət, münaqişə zonasındakı duruma dair obyektiv xəbərlər dünyanın aparıcı KİV-lərində yayılmağa başladı: "Lakin təəssüflər olsun ki, vəziyyəti dəyişmək, obyektiv məlumatı dünya birliyinə çatdırmaq üçün xeyli vaxt tələb olundu. Bu fakt bir daha KİV-lə işin operativ təşkilinin vacibliyini göstərdi. İnformasiya müharibələrində birbaşa olaraq hücum dinc əhaliyə qarşı yönəlir".
Rusiyalı deputatın bu fikirləri ermənilərin ənənəvi silahları sayılan dezinformasiya tipli məlumatlarla dünyanı aldatmağa daim meylli olduqlarının bariz sübutu sayıla bilərmi?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində, ermənilərin deyilən istiqamətdə olan davranışında qəribə heç nə yoxdur: “Çünki biz Dağlıq Qarabağ münaqişəsinin başladığı dönəmdən indiyə kimi bunların hamısının canlı şahidi olmuşuq. Mənə elə gəlir ki, onların dezinformasiya yaymaq sayəsində nəyə qadir olduqlarını Rusiyada hamıdan gözəl bilirlər. Hətta bir çox zamanlarda Rusiyanın bəzi dairələri ermənilərdən bu istiqamətdə öz məqsədləri üçün bizə qarşı da istifadə ediblər. Amma bir faktı da nəzərə alaq ki, Rusiyada heç də hamı qeyri-obyektiv deyil. Onların da siyasətçilərinin arasında obyektiv gerçəklikləri dilə gətirmək cəsarətində olanlar az deyil. Bu xüsusda biz Savelyevi də gerçəyi danışanların sırasına aid edə bilərik. Onun ermənilərin aprel döyüşlərindən sonra dünya miqyasında dezinformasiya yaymaqla məşğul olduğunu dilə gətirməsi həm də ermənilərə verilən ciddi bir mesaj sayıla bilər. Bununla Rusiya demək istəyir ki, onlar hədlərini aşmamalıdırlar. Düşünürəm ki, Bakıda keçirilən forumun həm də əhəmiyyətli hissələri ondan ibarətdir ki, dünyanın hər tərəfi, o cümlədən Rusiyadan gələn şəxslərin ölkəmizlə yaxından təmasda olmaq kimi imkanı yaranır. Bu vasitə ilə onlar bizə qarşı həyata keçirilən qaralama kampaniyasının mahiyyətini anlayırlar. Məhz bu cür təbliğatların nəticəsində Savelyev kimi adamlar çıxıb həqiqətləri dilə gətirə bilir. Hesab edirəm ki, Azərbaycan dövlətinin tutduğu strateji xətt özünü böyük hesabla doğruldur və biz belə də davam etməliyik. Belə olan təqdirdə dünyada bizə qarşı aparılan mənfi yönümlü kampaniyalara vaxtında, tutarlı cavab vermiş oluruq. Bu həm də bizi dəstəkləyən qüvvələrin sayının artmasına səbəb olacaq. Bilirsiniz ki, düzgün müharibə aparmağın yollarından biri də təbliğatı düzgün qurmaqdır”.
Məhəmmədəli QƏRİBLİ