“Azərbaycan tarix boyu müxtəlif xalqların, etnik qrupların, tayfaların, dinindən, irqindən asılı olmayaraq, bütün insanların birgəyaşayış məskəni olub. Azərbaycan bəlkə də dünyada yeganə unikal dövlətdir ki, burada Allahın yaratdığı bütün insanlar dini görüşlərindən, düşüncə tərzindən, dərisinin rəngindən asılı olmayaraq, bir xalq kimi formalaşıb, mehriban yaşayıblar və yaşayırlar. Azərbaycanda hər bir insan heç düşünmədən özünü bu torpağın övladı və vətəndaşı adlandırır. Hələ görməmişəm ki, burada yaşayan hansısa bir xalq özünü o biri xalqlardan üstün tutsun. Bu ənənə belə formalaşıb. Ancaq biz tarix boyu bunun fərqində olmamışıq. Çünki bizə elə gəlib ki, bu belə də olmalıdır. Son dövrlər ki, bütün dünyada milli, dini zəmində dözümsüzlük prinsipləri daha qabarıq şəkildə meydana çıxdı və biz dərk etdik ki, doğrudan da dözümlülük, tolerantlıq baxımından Azərbaycan dünyada unikal bir məmləkətdir. Yəni bizim ölkədəki bütün xalqlar bu dərəcədə mehriban yaşayır. Azərbaycanda multikulturalizm artıq dövlət siyasətinə çevrilib. Artıq bütün dünya bilir ki, birgəyaşayışın əsl nümunəsi Azərbaycandır. Məhz Azərbaycanda tolerantlıq, multikulturalizm mövcuddur və bütün xalqların mədəniyyətləri bir qurşaqda çiçəklənir, inkişaf edir və dünya da bunu görür. Təbii ki, biz multikulturalizmi dövlət siyasətinə çevirməklə həm də dünyanın diqqətini özümüzə cəlb etmişik. Əlbəttə, dünya dövlətləri bu məsələdə bizi təqdir etdilər”. Bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Prezident İlham Əliyevin VI Beynəlxalq Bakı Humanitar Forumunun açılış mərasimindəki çıxışı zamanı səsləndirdiyi “Azərbaycan dünyanın multikulturalizm ünvanlarından birinə çevrilib” fikrinə münasibət bildirərkən deyib.
B.Vəziroğlu qeyd etdi ki, Azərbaycanda mövcud olan multikulturalizm ənənəsini dünyada təqdir edənlərlə yanaşı, ermənilərin timsalında ona qısqanc yanaşanlar da var. O bildirdi ki, Azərbaycan multikulturalizm yolundadır. Şair dövlətimizin bu ənənəvi yolu sabah da davam etdirəcəyinə inanır. “Prezident İlham Əliyevin bir daha Azərbaycanın multikulturalizm ünvanlarından biri olduğunu vurğulaması dünyaya bir mesajdır” - deyə V.Vəziroğlu bildirdi.
İradə SARIYEVA