“Multikulturalizm Azərbaycanda yeni deyil, onun qədim tarixi var. Çünki Azərbaycanın yerləşdiyi coğrafi məkan buna şərait yaradıb. Bura daim çoxdinli, müxtəlif mədəniyyətli millətlərin yaşadığı, bir-birilə əlaqə qurduğu, ünsiyyət saxladığı coğrafi bir ərazi olub. Burada mədəni, siyasi, ticari əlaqələr də, hətta hərbi toqquşmalar da mövcud olub.
Bu baxımdan, deyərdim ki, multikulturalizmin əsası Azərbaycanda yaranan qədim dövlətlərdə qoyulub. Azərbaycanda tarix boyu multikulturalizmin inkişafı enmə-qalxma xarakteri daşıyıb. Ancaq son dövrlər isə multikulturalizm daha da aktuallaşıb. Bilirsiniz ki, bu gün beynəlxalq aləmdə ksenofobiya və dinlərarası münasibətlərin qızışdırıldığı, ikili standartların baş alıb getdiyi bir vaxtda məhz Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin multikulturalizmi daim yüksəkdə tutması, onun inkişafına təkan verməsi və bu sağlam ənənənin, həyat tərzinin bütün dünyaya yayılmasına çalışması təqdirəlayiq haldır. Bəli, bu gün Azərbaycan müxtəlif mədəniyyətlərin formalaşdığı, yaşadıldığı və dünyaya yayıldığı bir məkandır. Cənab Prezident “Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib” fikrini qeyd etməklə, multikulturalizmin bütün bəşəriyyətə gərək olduğunu bir daha dünyaya bəyan edib. Eyni zamanda, Prezident dövlətimizin tarixən multikulturalizm ünvanı olduğunu bir daha beynəlxalq aləmin diqqətinə çatdırıb. Azərbaycan bu gün dünyada ən sabit, ən rahat ölkədir. Burada dini, etnik toqquşma yoxdur. Bütün xalqlar sülh və qardaşlıq şəraitində yaşayır, öz mədəniyyətlərini, dəyərlərini yaşadırlar. Ölkəmizdəki sabitlik, milli, dini zəmində heç bir münaqişənin olmaması ölkəmizi həqiqətən də multikulturalizmin ünvanlarından birinə çevirib ”. Bunu Prezident İlham Əliyevin VI Beynəlxalq Bakı Humanitar Forumunda səsləndirdiyi “Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib” fikrinə münasibət bildirərkən Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun “Əhali tarixi və demoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov deyib.
V.Abışov, eyni zamanda, bildirib ki, Azərbaycan dövləti dünyanı sülh və dinlərarası, millətlərarası anlaşma yolu ilə sağlam bir hala gətirmək istiqamətində səylərini əsirgəmir. Azərbaycanın multikulturalizm sahəsində həm region, həm də coğrafi baxımdan bizdən uzaqda yaşayan dövlətlər üçün, sözün həqiqi mənasında, bir örnək olduğunu deyən alim qeyd edir ki, Azərbaycanın böyük tarixi ənənələrə söykənən multikulturalizm ənənələri daha çox təbliğ olunmalıdır. “Bu daha çox təbliğ olunmalıdır ki, müsəlman Şərqində Azərbaycan dövləti multikulturalizm ənənəsinə malikdir və bütün dünya bu ənənəni öyrənməlidir. Ona görə öyrənməlidir ki, dünyada sülh, əminamanlıq bərqərar olsun” - deyə V.Abışov bildirdi.
İradə SARIYEVA