Hatəm Cabbarlı: “Ermənistan prezidenti həqiqətən də öz nəvələrinin, yəni ölkəsində olan gəncliyin gələcəyini düşünürsə, onda eyni ismarıcı Dağlıq Qarabağ mövzusunda Azərbaycana da ünvanlamalıdır”
Ermənistan prezidenti Armen Sarkisyan İsveçrənin İctimai teleradiosuna müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. Sarkisyan noyabrın 11-də Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinin qeyd ediləcəyini deyib və bildirib ki, bunun qondarma “erməni soyqırımı”nın tanınmasına səbəb olacağına ümid edir.
Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu da bildirib: “Mən Ərdoğana deyərdim: salam, cənab Prezident. Düşünürəm, biz müzakirə etməliyik. Siz Türkiyənin, mən Ermənistanın prezidentiyəm. Mənim əcdadlarım Ərzurum, Van və Bitlisdəndir. Niyə Türkiyə-Ermənistan münasibətləri, bizim ortaq tariximiz haqqında danışmamalıyıq? Biz təkcə tarix yox, həm də gələcək haqqında, sizin və bizim övladlarımız, nəvələrimiz barədə danışmalıyıq. Mən xaçpərəstəm, xristianlıq bağışlamağı öyrədir, lakin bağışlama yalnız günah etiraf edildiyi halda mümkündür”.
Ermənistan prezidentinin Ərdoğana etdiyi bu tip müraciətdə hansı məqsədlər güdülə bilər?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə müraciətin edilməsində başlıca məqsəd Ermənistanın daxilində baş verən ictimai-siyasi proseslərdən diqqəti kənara yönəltməkdir: “Eyni zamanda, Sarkisyan deyir ki, biz övladlarımızın gələcəyini müzakirə etməliyik. Əlbəttə, bunda haqlıdır. Amma burada yalnız özünü haqlı saymaq olmaz. Hər halda, qarşı tərəfin də arqumentlərini dinləmək lazımdır. Türkiyədə ermənilərə qarşı guya “soyqırım”ın olduğunu qəbul etdirmək mümkün deyil. Çünki Türkiyədə heç vaxt ermənilərə qarşı düşünülmüş və planlı şəkildə hər hansı bir “soyqırım” aktı həyata keçirilməyib. Birinci Dünya Müharibəsi və ondan əvvəlki illərdə ermənilər müəyyən itkilər yaşayıblar. Amma bu itkilərin səbəbi dəqiq ifadə olunmalıdır. Birinci Dünya Müharibəsi ərəfəsində ermənilərin Osmanlıdan ayrılaraq, müstəqil dövlət qurmaq cəhdləri olub. Bu istiqamətdə onlar Avropanın böyük dövlətləri ilə hətta separat əlaqələrə də giriblər. Hesab edirəm ki, ermənilərin şişirtdiyi məsələ məhz həmin konfliktdən ortaya çıxan nəticədir və buna heç bir vəchlə soyqırım demək olmaz”.
Hatəm Cabbarlının sözlərinə görə, Ermənistan prezidentinin bunu daha duyğusal, dünya ictimaiyyətinin diqqətini cəlb edəcək tərzdə çatdırması heç də məsələnin mahiyyətini dəyişdirmir. Ermənistan prezidenti həqiqətən də öz nəvələrinin, yəni ölkəsində olan gəncliyin gələcəyini düşünürsə, onda eyni ismarıcı Dağlıq Qarabağ mövzusunda Azərbaycana da ünvanlamalıdır. Xüsusilə də Xocalı soyqırımı barədə eyni cəsarəti göstərə biləcəyi ilə bağlı böyük sual meydana çıxır. Əslində, Ermənistan prezidenti bu gedişi ilə Türkiyəyə münasibətlərin yenidən qurulmasına dair mesaj da vermək istəyir. Bilirik ki, Ermənistan daxili və xarici siyasətin yürüdülməsi ilə bağlı ciddi problemlər yaşayır. Onlar dərk edirlər ki, sərhədlər açılmayacağı təqdirdə vəziyyətləri daha da pisləşə bilər. Bunu yaxınlaşma üçün lazımi bir jest saymaq olarmı? Təbii ki, yox! Cünki Ermənistan prezidenti əvvəlcə onlardan üzr istənməsini, sonra isə onları bağışlaya biləcəyini bəyan edir. Bu, son illər ərzində ermənilərin Türkiyədən “soyqırım”ı etiraf etməsi tələbinin bir az diplomatik şəkildə dilə gətirilməsindən başqa nəsə deyil”.
Məhəmmədəli QƏRİBLİ