“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisinə vaxtaşırı olaraq xaricdən icazəsiz insanlar gəlirlər. Dağlıq Qarabağa qanunsuz gələnlərin əksəriyyəti mənşəcə ermənidir. Onların bir qismi ya erməni təbliğat maşınının təsiri altına düşür, ya da sadəcə olaraq maddiyyat qarşılığında belə təxribatçı addımlar atır. Əgər onlar sadə vətəndaşlardısa, Azərbaycan tərəfi bunu həmin ölkələrin bir qrup vətəndaşının ya aldadılması, ya da təxribatı kimi qəbul edir.
Yox, əgər Dağlıq Qarabağa qanunsuz səfər edən adamlar öz ölkələrində bir vəzifə tuturlarsa, Azərbaycan dövləti həmin ölkələrə müraciət edərək bununla bağlı izahat verilməsini xahiş edir. Təqdiredicidir ki, həm Fransa, həm də digər ölkələr hansının ki, müəyyən bir vəzifə tutan şəxsi işğal olunmuş torpaqlarımıza gedib, həmin şəxslərin addımını pisləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirlər. Konkret olaraq Fransa tərəfindən bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dəfələrlə bəyanatlar səsləndirilib”.
Bunu “Bakı-Xəbər”ə millət vəkili, politoloq Aydın Mirzəzadə bir sıra Fransa rəsmilərinin, millət vəkilləri və merlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə münasibət bildirərkən deyib.
A.Mirzəzadənin sözlərinə görə, heç bir dövlət öz vətəndaşının hansısa bir neqativ hərəkətinə görə məsuliyyət daşımır. Ancaq, Fransa da daxil olmaqla, vətəndaşları Dağlıq Qarabağa qanunsuz səfər edən dövlətlər ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edir və öz vətəndaşlarının qanunsuz addımlarını pisləyirlər. Millət vəkili hesab edir ki, bir dövlətin Dağlıq Qarabağ məsələsində öz vətəndaşının addımlarını pisləməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıması o deməkdir ki, ölkəmizin ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən qəbul edilir. “Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ probleminin həllində daha aktiv rol oynayacağını həmişə vurğulayır” - deyə millət vəkili bildirdi.
İradə SARIYEVA