Fikrət Sadıqov: “Çox təəssüflər olsun ki, aparıcı ölkələr, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər onun reallıqdan uzaq olan bu tip bəyanatlarına sərt reaksiya vermirlər”
Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyanın münaqişənin həlli prosesi ilə bağlı son bəyanatına dair suala cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistan baş naziri vəzifələrini icra edən Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq” deyə açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status-kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir:
“Seçki öncəsi dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi bu kimi əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb. Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək, münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır”.
L.Abdullayeva qeyd edib ki, Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır: “ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi, hazırkı status-kvo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir”.
Göründüyü kimi, Nikol Paşinyan ziddiyyətli bəyanatlar səsləndirməkdə davam edir. Hakimiyyətə yeni gələn zaman o, separatçı rejimin danışıqlar prosesində iştirakının zəruriliyini bildirmişdi. Həmin mövqeyə olan beynəlxalq təpkini görəndən sonra danışıqların əvvəlki formatda aparılmasının zəruriliyini bildirdi. Tərəflərin sülh danışıqları ilə bağlı qarşılıqlı addımlar atmağa hazır olduğuna dair mənzərənin yarandığı bir vaxtda Paşinyanın yenidən separatçıları danışıqlar formatına mühüm tərəf kimi soxuşdurmaq cəhdi ilə bağlı verdiyi bəyanatı necə qiymətləndirmək olar?
Politoloq Fikrət Sadıqov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan belə sərsəm fikirləri bilərəkdən səsləndirir: “Bilirsiniz ki, separatçların danışıqlara cəlbi ilə bağlı onun mövqeyi vardı. Bu da indiyə qədər formalaşmış danışıqlar formatının dəyişdirilməsi anlamına gəlirdi. Ciddi beynəlxalq təpki ilə qarşılaşandan sonra o, bu mövqeyindən əl çəkdi. Xüsusilə də MDB ölkə başçılarının Düşənbə sammitində konstruktivliyə meylli addımlar atdı. Paşinyan yaxşı dərk edir ki, onun bu məzmunlu bəyanatları heç bir nəticə verən deyil. Bəllidir ki, özünü beynəlxalq arenada hörmətdən salan bu tip bəyanatlarla o, daxili auditoriyada nəyisə qazanmaq istəyir. Bilirsiniz ki, həmin ölkə seçkilər ərəfəsindədir. Hazırkı parlamentdə onun gücü çox zəifdir. Ermənistanda elə quruluş yaradılıb ki, mütləq hakimiyyətə nail olmaq üçün sənin parlamentdə çoxlu deputatın olmalıdır. Məhz bu səbəbdən də o, xalqın həssas yeri olan Dağlıq Qarabağ mövzusunda populizmə üstünlük verir. İstəyir ki, bu üsulla özünü kütləyə qəbul etdirsin. Digər tərəfdən isə görünən budur ki, Paşinyan danışıqları uzatmaq istəyir. Başa düşür ki, danışıqlar prosesində onun mövqeyi çox zəifdir. Çünki mötəbər qurumların qətnamələrində bizim ərazi bütövlüyümüz tanınır. Düzdür, Ermənistana bu yöndə ciddi təzyiqlər göstərilməsə də, hüquqi sənədlərin hamısı bizim tərəfimizdədir. Yenə deyir ki, Qarabağ separatçıları danışıqlarda iştirak etməlidir. Onda Qarabağın azərbaycanlı icması nə etməlidir? Bəyəm azərbaycanlı icması Dağlıq Qarabağın tərkib hissəsi deyil? Çox təəssüflər olsun ki, aparıcı ölkələr, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər onun reallıqdan uzaq olan bu tip bəyanatlarına sərt reaksiya vermirlər”.
Məhəmmədəli QƏRİBLİ