Məhəmməd Əsədullazadə: “Erməni lobbisi ölkənin ayrı-ayrı regionlarının rəhbərlərinə maliyyə cəhətdən təsir etmək imkanlarına malikdir”
Məlum olduğu kimi, etnik ermənilərin çoxluq təşkil etdiyi Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçılarının carı ilin sentyabr-oktyabr aylarında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri olub.
O cümlədən 30 ildən artıqdır erməni lobbisinin əlində alətə çevrilmiş Fransa Milli Assambleyasının sabiq deputatı Fransua Roşbluan da separatçı qurumla tez-tez təmasda olur. Halbuki, bu ilin may ayında Fransanın xarici işlər, Avropa üzrə naziri və daxili işlər naziri arasında imzalanan sənəd bu ölkənin yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilə bağlamağı, səfərlər həyata keçirməyi və birgə tədbirlər təşkil etməyi qadağan edir. Ancaq buna baxmayaraq, Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Qarabağa qanunsuz səfərlərinə göz yumulub.
Bütün bu baş verənlərə görə Fransanın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.
Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa Hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan XİN-in rəsmi notası təqdim olunub.
Azərbaycana qarşı məlum təxribat Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyinə də kölgə salır. Nəzərə almaq lazımdır ki, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədridir. Belə hallar həmsədr ölkə kimi Fransanın obyektiv yanaşmasını sual altında qoyur. Həmçinin, Fransanın özündə də potensial separatizm ocağı var. Belə olan halda, Fransa Dağlıq Qarabağ problemi kimi həssas məsələdə niyə diqqətli davranmır?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Fransanın belə hallara göz yumması təəssüf doğurur: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ konfliktinin həllində əsas vasitəçi ölkələrdən biridir. Bundan əlavə, rəsmi Paris həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli əlaqələrə malikdir. Yalnız Ermənistanla lobbi çərçivəsində də əməkdaşlıq əlaqələri qurulur. Azərbaycanla isə siyasi-iqtisadi dividendlər üzrə əməkdaşlıq qarşlıqlı etimada əsaslanır. Qeyd edim ki, Fransada güclü erməni lobbisi var. Erməni lobbisi ölkənin ayrı-ayrı regionlarının rəhbərlərinə maliyyə cəhətdən təsir etmək imkanlarına malikdir. Bundan irəli gələrək, biz Qarabağda Ermənistanın yaratdığı qondarma hərbi rejimlə Fransanın bəzi əyalətlərinin əməkdaşlığını görürük. Dolayı yolla fransız şirkətləri işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərirlər. Hesab edirəm ki, Fransa hakimiyyəti bu kimi separatizmə dəstəyin qarşısını almalıdır. Rəsmi Parisin vasitəçiliyinə kölgə salacaq siyasətə imkan tanımamalıdır. Təəssüf ki, biz belə hallara göz yumulduğunu görürük. Ona görə də rəsmi Bakının Fransa ilə diplomatik əlaqələri daha da sıxlaşdırmaqla bu kimi avantürist siyasətin qarşısını almaq üçün rəsmi Parisə etirazı təqdirəlayiqdir. Ümumiyyətlə, Fransadan separatizmə istənilən dəstəyin qarşısını almaq üçün ciddi tələb ortaya qoyulmalıdır. Rəsmi Paris siyasətində dönüş yaratmasa, ölkəmiz Fransanın həmsədrlikdən çıxarılmasını tələb etməlidir”.
Vidadi ORDAHALLI