Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Fransanın müxtəlif vəzifəli insanlarının, mer və millət vəkillərinin qanunsuz səfərlər etməsi Azərbaycan dövləti və ictmaiyyəti tərəfindən narazılıqla qarşılanır. Bu qanunsuz səfərlər haqlı olaraq bir sıra sualların meydana çıxmasına səbəb olur.
Fransa merlərinin, millət vəkillərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinin Dağlıq Qarabağ probleminin həlli prosesinə ziyanı nədir? Bu səfərlər Fransa-Azərbaycan əlaqələrinə nə kimi mənfi təsir edir? Bildiyimiz kimi, Azərbaycanda bir sıra fransız şirkətləri fəaliyyət göstərirlər. Bu qanunsuz səfərlərin qarşısı alınmasa, dövlətimiz Fransanın Azərbaycanda fəaliyyət göstərən şirkətləri ilə bağlı məsələyə yenidən baxa bilərmi?
“Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, Fransa rəsmiləri tərəfindən dəfələrlə analoji hal təkrar edilib. Bu halın Azərbaycan dövləti və xalqı tərəfindən pisləndiyini vurğulayan Ş.Ağayev hesab edir ki, bu, Azərbaycan-Fransa əlaqələrinə ciddi ziyan vurur, eyni zamanda, Dağlıq Qarabağ probleminin ədalətli həllinə maneə törədir: “Fransalılar erməniləri həmişə özlərinin “kiçik bacısı” hesab edirlər. Onların erməniləri dəstəkləməsi prosesi hərtərəfli qaydada davam edir. Çox təəssüf olsun ki, Fransa ATƏT-in Minsk Qrupunun üzvüdür, onun hərəkətləri ilə bu qurumun üzvü olması heç cür qanunauyğunluq təşkil etmir. Fransa BMT Təhlükəsizlik Şurasının da daimi üzvüdür. Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var. BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi daxil olduğu təşkilata hörmət əlaməti olaraq Fransa bu addımı atmamalı idi. Ancaq çox təəssüf ki, fransızlar bu məsələyə məhəl qoymurlar və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına öz qanunsuz səfərlərini davam etdirirlər. Təbii ki, Fransa dövlətinin rəsmi şəxslərinin Dağlıq Qarabağa qanunsuz səfərləri Dağlıq Qarabağ probleminin həllində Fransanın həmsədr kimi birtərəfli qərəzli mövqe tutduğunu nümayiş etdirir. Qərəzli mövqedən çıxış edən belə bir dövlət Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində ədalətli həll olunmasında maraqlı ola bilməz. Azərbaycan Fransa ilə bağlı məsələ qaldırmalıdır. Heç şübhəsiz ki, Azərbaycan iqtisadi cəhətdən Ermənistandan qat-qat güclü dövlətdir. Fransız iş adamları, “Total” başda olmaqla, Fransanın iri neft şirkətləri Azərbaycanın neft-qaz sənayesində böyük gəlirlər əldə edirlər. Fikrimcə, Azərbaycan artıq bu məsələləri qaldırmalıdır, o, Fransa qarşısında tələb qoymalıdır ki, bizimlə əməkdaşlıq edirsinizsə, Azərbaycanla işbirliyiniz varsa, beynəlxalq hüququn normativlərinə və BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi bu qurumun qərarlarına hörmət etməlisiniz. Biz Fransadan bunu tələb etməliyik ki, Azərbaycanın tarixi torpaqlarına, işğal olunmuş Dağlıq Qarabağa bizim icazəmiz olmadan getməsinlər. Hesab edirəm ki, bu qanunsuz səfərlər həm Azərbaycan-Fransa münasibətlərinə kölgə salır, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllinə zərbə vurur. Bayaq dedim ki, Azərbaycanda bir sıra iri Fransa şirkətləri fəaliyyət göstərirlər. Azərbaycan bu şirkətlərlə əməkdaşlıq məsələsinə də yenidən baxmalıdır”.
Ş,Ağayev hesab edir ki, Azərbaycan dövləti və ictimaiyyəti həmrəylik göstərərək Fransa rəsmilərinin qanunsuz Dağlıq Qarabağ səfərlərinin qarşısının alınması istiqamətində fəaliyyət göstərməlidir.
İradə SARIYEVA