Rauf Arifoğlu: “Hesab edirəm ki, bu mövzuda diskussiyaların aparılmasının ümumən çox böyük faydası olacaq”
Məlum olduğu kimi, oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva forumun rəsmi açılış mərasimində iştirak ediblər.
“Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.
Dövlət başçısı forumun açılışında nitq söyləyib. Daha sonra forumda iştirak edən bir sıra xarici qonaqlar çıxış ediblər.
VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq. İki gün davam edəcək Beynəlxalq Humanitar Forumda qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılacaq. Bununla yanaşı, forumda media ilə bağlı müzakirələr, diskussiyalar olacaq. Bu baxımdan media təmsilçiləri buna necə baxırlar?
Məsələyə münasibət bildirən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələyə müsbət prizmadan yanaşdı və bunu bir sıra amillərlə əlaqələndirdi: “Ümumilikdə, media təmsilçilərinin təhlükəsiz fəaliyyət göstərməsi məsələsi dünyanın gündəmində olan bir nömrəli məsələdir. Xüsusilə Avropa İttifaqında 3 jurnalistin öldürülməsi və son olaraq Türkiyədə Kaşıqçı olayından sonra media məsələsi dünya gündəmində olan bir nömrəli məsələdir. Azərbaycanda keçirilən mötəbər bir forumda media ilə bağlı müzakirələrin aparılmasını təqdir edirəm. Hesab edirəm ki, bu mövzuda diskussiyaların aparılmasının ümumən çox böyük faydası olacaq. Çox şükür ki, Azərbaycanda jurnalistləri öldürmürlər, kəsmirlər və ya doğramırlar. Ancaq artıq dünyanın demokratik məkanında da jurnalistlərin qətli ilə bağlı hadisələr yaşanır. Hətta Türkiyədə konsulluqda jurnalistin qətli ilə bağlı məlum hadisə yaşandı. O baxımdan hesab edirəm ki, bununla bağlı bir həyəcan siqnalı çalmağa ehtiyac var. Ona görə də belə müzakirələrin aparılmasına müsbət yanaşıram”.
Vidadi ORDAHALLI