Qabil Hüseynli: “Təklif olunan ümumi razılaşma modellərində Azərbaycanı təmin etməyən xeyli məqam var”
Ermənistanın ikinci prezidenti Robert Köçəryan ABŞ-ın İrəvandakı səfiri Riçard Millzin öz vəzifə səlahiyyətlərini başa vurmazdan əvvəl Qarabağ münaqişəsilə bağlı verdiyi bəyanatı şərh edərkən maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində işğal edilmiş konkret rayonların Azərbaycana qaytarılması məsələsi həmişə danışıqların predmeti olub. ATƏT-in Minsk Qrupunun bütün həmsədr ölkələri də həmin ərazilərin qaytarılmasının zəruri olduğu düşüncəsindədirlər.
Amerikalı səfir bildirib ki, “işğal edilmiş ərazilərin konkret hissələri Azərbaycana qaytarılmadan Qarabağ münaqişəsi həll oluna bilməz. Məni təəccübləndirən odur ki, rastlaşdığım ermənilərin əksəriyyəti danışıqların predmeti kimi işğal olunmuş torpaqların geri qaytarılmasına qəti qarşı çıxırlar. Ermənistanda münaqişənin nizamlanmasına aparacaq mümkün güzəştlər barədə ümumiyyətlə heç bir müzakirə getmir. ABŞ hökuməti artıq uzun illərdir əmindir ki, həmin ərazilər gələcəkdə “sülh əvəzinə ərazilər” formulunun istifadəsi üçün işğal olunub”.
Köçəryanın fikrincə, ABŞ səfirinin bu bəyanatı onun şəxsi fikri və mövqeyi deyil: "ABŞ-ın Ermənistandakı növbəti səfiri də belə bəyanat verəcək. Bu həm də ABŞ Dövlət Departamentinin mövqeyidir. Və daha dəqiq desək, Minsk Qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır. Ən azından, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin ərazilərlə bağlı fikri həmişə bu kontekstdə olub. Ümumi danışıqlar prosesinin məntiqi də bununla bağlıdır. Hesab edirəm ki, bu cür yanaşma Ermənistan hakimiyyətinə bir çağırışdır. İrəvan öz mövqeyini dəqiqləşdirməlidir”.
Köçəryana görə, erməni cəmiyyətində həqiqətən belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz: “Bu o deməkdir ki, Ermənistan hakimiyyəti ya danışıqlar prosesinə tamamilə yenidən baxmalı, ya da elə bir həll formulu tapmalıdır ki, cəmiyyət tərəfindən qəbuledici olsun. Lakin, istənilən halda, şübhəsiz ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq”.
Sabiq prezident onu da vurğulayıb ki, hakimiyyətin “Qarabağın razılaşdığı istənilən həll variantına hazırıq” tezisinə qayıtması olduqca təhlükəlidir. Çünki bu cür yanaşma ATƏT-in 1996-cı il Lissabon sammitinin qətnaməsi ilə nəticələndi ki, bu da Ermənistan üçün son dərəcə əlverişsiz oldu.
Göründüyü kimi, Robert Köçəryan, faktiki olaraq, ABŞ-ın İrəvandakı sabiq səfirinin fikirlərilə həmrəy olduğunu bəyan edib. Hətta əlavə olaraq xüsusi vurğulayıb ki, Ermənistanın işğal altında saxladığı torpaqların qaytarılmasının zəruriliyi ilə bağlı səslənən fikirlər səfirin şəxsi deyil, ABŞ Dövlət Departamentinin mövqeyidir. Məlumdur ki, Riçard Millzin səsləndirdiyi fikirlərə bir neçə gündür Ermənistanın heç bir dairəsi tərəfindən münasibət bildirilməyib. Köçəryanın bu kontekstdə sükutu pozması və işğal altında saxlanan torpaqların qaytarılması ilə bağlı fikirlərə şərik olması necə yozula bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, yeni fikirlər deyil, söhbət Dağlıq Qarabağın ətrafında olan 7 rayonun Azərbaycana qaytarılmasından gedir: “Bu açıqlamaların motivində Dağlıq Qarabağ probleminin tam həlli mexanizmi yoxdur. ABŞ-ın Ermənistandakı sabiq səfiri demişdi ki, Azərbaycanın Dağlıq Qarabağ hüdudlarından kənarda olan torpaqları işğaldan azad edilmədən problemin həlli ilə bağlı heç bir irəliləyiş olmayacaq. Köçəryan da həmin fikri təsdiqləyib. O, danışıqlardan xəbərdar olan şəxs kimi deyir ki, belə bir centlmen razılaşması olub və onun mahiyyəti Dağlıq Qarabağa daxil olmayan 7 rayonun Azərbaycana qaytarılması və bundan sonra Dağlıq Qarabağın statusu ətrafında müzakirələrin aparılmasından ibarətdir. Köçəryan hətta açıqlamalarında referendumun da adını çəkib. Bu proses ABŞ-ın Ki-Uest şəhərində keçirilən danışıqlarda mərhum Heydər Əliyevlə də razılaşdırılmışdı. Daha sonra isə İlham Əliyevlə Sankt-Peterburq və Kazan görüşləri, eləcə də Madrid prinsiplərində də razılaşdırılıb. Hazırda hakimiyyət başında olan Paşinyanın verdiyi ziddiyyətli açıqlamalardan görünür ki, onlar bu detallardan uzaqlaşmaq istəyirlər. Bu istiqamətdə ABŞ daha ardıcıl mövqe tutur. Keçən ildən başlayaraq onlar konkret olaraq bildirirlər ki, Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqlardan erməni əsgərləri mütləq çıxmalıdır. Köçəryan bununla bağlı doğru olaraq qeyd edir ki, bu, səfirin yox, ABŞ dövlətinin mövqeyidir. Bir daha vurğulayıram ki, bütün bu istəklər problemi kökündən həll etmir. Çünki təklif olunan ümumi razılaşma modellərində Azərbaycanı təmin etməyən xeyli məqam var. Bu da ondan ibarətdir ki, biz ikili yanaşmaya tuş gəlirik. Çünki ümumən bəyan olunur ki, postsovet ölkələrindəki münaqişələrin həllinə ərazi bütövlüyü prinsipindən yanaşmaq lazımdır. Amma biz problemlərə yanaşmada fərqli münasibəti görürük. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının zəruriliyini tək biz demirik. Bunu NATO, AŞPA, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin 4 qətnaməsi də deyir. Dünyanın bütün nüfuzlu təşkilatları Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə müdaifiə edirlər. Görürsünüz ki, problemin həlli üçün yalnız bunlar yetərli deyil. Həmin qərarların təmin olunması fonunda Azərbaycanın ərazi bütövlüyünü necə bərpa etməyin işlək mexanizminə nail olmaq lazımdır. Əks təqdirdə münaqişənin ömrü daha da uzanmış olacaq”.
Məhəmmədəli QƏRİBLİ