İlham Şaban: “Görünən odur ki, rəsmi Vaşinqtonun bu yöndə olan dəstəyi bundan sonra da davam edəcək”
Azərbaycanın beynəlxalq enerji bazarında faydalı rolunu davam etdirməsi ABŞ üçün böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bunu Bakıda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan sözügedən məsələdə mühüm rola malikdir: “Bu mənim Azərbaycana ilk səfərimdir. Bildiyim qədər, ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri kimi ilk olaraq Azərbaycana mən gəlmişəm. Səfərim çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlər zamanı geniş müzakirələr apardıq. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” məsələlərini müzakirə etdik. Biz Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı mühüm rolu da müzakirə etdik. Azərbaycanın bu sahədə öz faydalı rolunu davam etdirməsi bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Müşavir onu da vurğulayıb ki, Azərbaycan alternativ enerji mənbələrini təmin etməkdə mühüm rol oynayır: “Eyni zamanda, biz Azərbaycanla ABŞ hökuməti arasında əməkdaşlıq, o cümlədən qlobal terrorçuluğa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə tərəfdaşlığımız barədə fikir mübadiləsi apardıq”.
O da məlumdur ki, ABŞ enerji sektorunda Azərbaycanın mühüm tərəfdaşıdır. 1994-cü ildə Azərbaycanla Qərbin tanınmış şirkətləri arasında “Əsrin kontraktı” sazişi imzalanandan sonra Birləşmiş Ştatlar enerji layihələrinin reallaşmasına hər zaman dəstək verib. Boltonun açıqlamasından belə məlum oldu ki, sözügedən dəstək bundan sonra da davam edəcək. Bu baxımdan ekspertlər Boltonun səsləndirdiyi fikri necə şərh edirlər?
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ABŞ-ın bu yöndə Azərbaycana yönəlik dəstəyi bundan sonra da davam edəcək: “Bu baxımdan Bolton ABŞ Dövlət Departamentinin mövqeyini əks etdirən bəyanat səsləndirib. Azərbaycan Dövlət Neft Şirkətində görüşdə bildirib ki, ABŞ Azərbaycanın enerji resursları çərçivəsində həyata keçirilən layihələrə böyük maraq göstərir. Sual oluna bilər ki, ABŞ şirkətləri Azərbaycanın enerji layihələrində heç də aktiv iştirak etmirlər. Belə olan tərzdə, Birləşmiş Ştatların Azərbaycanın enerji layihələrinə marağı nədən qaynaqlanır? Bu əsasən onunla əlaqədardır ki, ABŞ-ın milli maraqları Qərbin enerji təhlükəsizliyinə söykənir. Bu enerji təhlükəsizliyində isə Azərbaycan artıq iki onillikdir xüsusi layihələri ilə həm neft, həm də qaz sahəsində iştirak edir. Ona görə də ABŞ Azərbaycanın infrastruktur layihələrinə daim dəstək göstərib və bundan sonra da dəstəyini davam etdirəcək. Nəzərə almaq lazımdır ki, həmin dəstəyin sayəsində bu layihələrin vaxtında gerçəkləşdirilməsi müəyyən mənada mümkün olub. Birləşmiş Ştatların dəstəyi olmasaydı, o zaman sözügedən layihələri reallaşdırmaq çətin olacaqdı. Görünən odur ki, ABŞ-ın bu yöndə olan dəstəyi bundan sonra da davam edəcək”.
Vidadi ORDAHALLI