Prezident Tramp öz səlahiyyətlərindən istifadə edərək, “907-ci düzəliş”i qüvvədən sala bilər.
Baki-xeber.com-un xəbərinə görə, bunu bu günlərdə Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib.
C.Bolton bildirib: "907-ci düzəliş"dən danışarkən deyərdim ki, bu sırf Konqres tərəfindən qəbul olunmuş bir düzəlişdir. Ümumiyyətlə, ABŞ-ın icra hakimiyyətinə aidiyyəti olmayan bir məsələdir və artıq biz bunun şahidi olmuşuq ki, ABŞ-ın bir neçə prezidenti tərəfindən sözügedən düzəlişin təsir müddəti saxlanılıb. Biz də vəziyyətlərə baxaraq bu düzəlişin mövcudluğunun nə qədər uyğun olub-olmaması məsələsini nəzərdən keçirmişik. Vaxtaşırı olaraq Amerika prezidentləri sözügedən düzəlişə. müvəqqəti olsa da, xitam veriblər".
Cənubi Qafqazın, xüsusilə Azərbaycanın ABŞ üçün hər zaman əhəmiyyət kəsb edən bölgə olduğunu bildirən Bolton deyib ki, prezident Tramp öz səlahiyyətlərindən istifadə edərək bu düzəlişi ləğv edə bilər.
Qeyd edək ki, 907-ci düzəliş - 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.