Məhəmməd Əsədullazadə: “Dünyada yaşanan fəlakətlər müzakirə obyekti olmaqla, bir daha beynəlxalq gündəliyə çıxacaq”
Oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayacaq. Forum təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar.
Keçmişdən günümüzə insanların ən müxtəlif vəziyyət və situasiyalara uyğunlaşmaq və yaratmaq bacarığı istər ayrı-ayrı fərdlər, istərsə də cəmiyyət kimi ümumi uğurumuzun əsasını təşkil edib. Tarixin hər bir dönəmində bizləri yeni və kreativ yollarla düşünməyə, davranmağa və əməkdaşlıq etməyə sövq edən fərqli çağırışlar mövcud olub. Bu günün dünyası da bu mənada fərqli deyil. Ona görə də 2015-ci ilin sentyabr ayında dünyanın 193 ölkəsinin rəhbərləri 2030-cu ilə kimi dayanıqlı inkişafa nail olmaq üçün ifrat yoxsulluğun və aclığın aradan qaldırılması, iqlim dəyişikliyi ilə mübarizə, qeyri-bərabərliyin azaldılması, davamlı su təchizatı, enerji mənbələri və yeni sənaye sahələrinin təmin edilməsi də daxil olmaqla, dünyanın görməli olduğu işləri müəyyənləşdirib.
Ümumilikdə, forumda dünyanı narahat edən bir sıra məsələlər müzakirə ediləcək. O baxımdan forumda müzakirə olunan məsələlərin terrorizmdən, qaçqın problemindən əziyyət çəkən, bunu yaşayan bir sıra dünya ölkələrinə hansı faydası dəyə bilər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, forum bu mənada müəyyən fayda verə bilər: “Bakı dünyanın aparıcı beynəlxalq təşkilatların keçirdiyi konfransların mərkəzi olub. Bu da ölkəmizin beynəlxalq humanitar sahədə fəal şəkildə apardığı uğurlu siyasətin tərkib hissəsidir. Sevindirici haldır ki, dünyanın problemləri və ondan çıxış yolları məhz paytaxtımızda müzakirə edilir. Dünyanın bir çox dövlətlərinin nümayəndələrinin iştirakı ilə VI Bakı Beynəlxalq Humanitar Forumu məhz dünyada yaşanan humanitar və digər problemlərin həllinə işıq salacaq bir tədbirdir. Bu gün qlobal məkanda baş verən müharibələr humanitar fəlakətlərə səbəb olub. Humanitar fəlakətlər dünyanın bir nömrəli problemi olaraq qalır. Yəməndən başlayaraq, Myanmaya, Yaxın Şərqdən başlayaraq, regionumuz daxil olmaqla, humanitar böhran davam edir. Azərbaycan da Ermənistanın işğalçılıq siyasəti nəticəsində ötən əsrin 90-cı illərində humanitar böhranla üzləşmişdi. İndi də Ermənistanın Azərbaycana qarşı dövlət terroru davam edir. Hazırda köçkün və qaçqın böhranı ölkəmizdə davam edir. Hesab edirəm ki, ölkəmizin fəaliyyəti və humanitar sahədə gördüyü işlər humanitar təşkilatların diqqətinə səbəb olub. Buna görə ölkəmizin paytaxtında belə tədbirlər keçirirlər. Azərbaycan daim terrora və etnik ayrıseçkiliyə qarşı mübarizə aparır. Bundan əlavə, ölkəmizin multikulturalizmin inkişafının əsas ölkələrindən biri olmaqla, bu sahədə belə bir tədbirlərin keçirilməsinə mənəvi haqqı çatır. Dünya terror, beynəlxalq təhlükəsizliyin pozulması risqi ilə üzləşib. Hesab edirəm ki, VI Humanitar Forumun keçirilməsi bir sıra problemlərin həllinə təkan verəcək. Dünyada yaşanan fəlakətlər müzakirə obyekti olmaqla, bir daha beynəlxalq gündəliyə çıxacaq”.
Vidadi ORDAHALLI