İbrahim Rüstəmli: “Azərbaycan müdafiə qüdrətini daim artırmaqla bağlı təşəbbüsü öz əlində saxlamaq imkanı qazanıb”
Azərbaycanda 2019-ci il dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği ötən illə müqayisədə artırılıb. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində, ümumilikdə, müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 3 milyard 37 milyon 618 min manat təşkil edir. Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1 milyard 494 milyon manat, milli təhlükəsizlik üçün 156 milyon 989 min manatdır.
Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2,8 milyon manat, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə təqribən 1,4 milyard manat nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği təqribən 2,9 milyard manat təşkil etmişdi.
Dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin 3 milyardı keçməsi necə dəyərləndirilə bilər?
Hərbi ekspert, istefada olan polkovnik-leytenant İbrahim Rüstəmli qəzetimizə açıqlamasında bildirdi ki, ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin hər il artırılması ənənə halını alıb: “Bu ənənənin davamlı xarakter daşıyacağı artıq heç kimdə şübhə doğurmur. Çünki Silahlı Qüvvələr quruculuğu dövlətin və dövlət rəhbərinin bir nömrəli prioritet məsələ kimi müəyyənləşdirdiyi strateji sahələrdən sayılır. Bu yöndə əsas məqsəd xalqımızın milli maraqlarının qorunması, gələcək perspektivlər üçün nəzərdə tutulmuş ideya və layihələrin reallaşdırılmasıdır.
Azərbaycan müvafiq yöndə həm beynəlxalq hüququn tələb və müddəalarına hörmətlə yanaşmaqla, həm dünya ictimaiyyətinin ərazi bütövlüyümüzlə bağlı yekdil rəyini əsas götürməklə, həm də müdafiə qüdrətini daim artırmaqla bağlı təşəbbüsü öz əlində saxlamaq imkanı qazanıb”.
Hərbi ekspert hesab edir ki, bu gün dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin artırılması ölkəmiz üçün həyati əhəmiyyət daşıyır: “Çünki Azərbaycan hərbi təcavüzə məruz qalmış, işğal nəticəsində ərazilərinin iyirmi faizdən çoxunu itirmiş, qaçqını-köçkünü olan bir ölkədir. Onun öz Silahlı Qüvvələrini modernləşdirməsi, xüsusilə təmas xəttindəki şəxsi heyətin döyüş hazırlığını artırması, yeni müasir silahlarla silahlanması indiki məqamda zamanın tələbi anlamına gəlir və istər yerli, istərsə də beynəlxalq auditoriya tərəfindən dəstəklənir. Bununla belə, şəxsən mən bu vəsaitin Ermənistanın dövlət büdcəsilə müqayisə olunmasının qəti əleyhinəyəm. Biz əsas məsələləri bir kənara qoyub, belə bəsit, mənasız və məntiqsiz müqayisələrə üstünlük verməməli, dövlətin və xalqın haqq mübarizəsinin təməl prinsiplərini arxa plana keçirməməliyik.
Eyni zamanda, hərbi xərclərin daha səmərəli və rentabelli məsrəfinə nail olmalı, bununla da daha böyük perspektiv və uğurlar üçün motivasiya yaratmalıyıq. Bu yöndə əsas məqam isə insan faktoru ilə bağlıdır. Unutmaq olmaz ki, insan kapitalı gələcəyin ən böyük yatırımıdır”.
Məhəmmədəli QƏRİBLİ