Məhərrəm Zülfüqarlı: “İnsan amilinin inkişafı ilə bağlı böyük töhfələr verib”
Xəbər verildiyi kimi, oktyabrın 25-26-da Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçiriləcək. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaları və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.
Keçmişdən günümüzə insanların ən müxtəlif vəziyyət və situasiyalara uyğunlaşmaq və yaratmaq bacarığı istər ayrı-ayrı fərdlər, istərsə də cəmiyyət kimi ümumi uğurumuzun əsasını təşkil edib. Tarixin hər bir dönəmində bizləri yeni və kreativ yollarla düşünməyə, davranmağa və əməkdaşlıq etməyə sövq edən fərqli çağırışlar mövcud olub.
Forumun devizi çox maraqlıdır. “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” devizi bir sıra mətləbləri özündə ehtiva edir. Prezident İlham Əliyev bildirib ki, qazandığımız uğurlar, ilk növbədə, insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir. O baxımdan Azərbaycan insan kapitalından istifadə olunması sahəsində bir sıra nailiyyətlər əldə edib. Buna öz töhfəsini verib.
Bütün bu deyilənlərin fonunda, “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” nə deməkdir və Azərbaycan bununla bağlı hansı töhfələr verib?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı buna bir neçə kontekstdən yanaşdı: “Məsələ ondadır ki, qlobal dünyada insan amilinin rolu daha da artır. Hələ ötən əsrin 80-ci illərində Qorbaçovun vaxtında “Yenidənqurma” konsepsiyası irəli sürüləndə insan amili çox dəbdə idi. Ancaq o zaman praktiki olaraq bu amil elə də nəzərə alınmadı. İndiki dövrdə və qloballaşan dünyada o problemləri həll etmək olur. Yəni insan amili, insanın qayğısına qalmaq məsələsi hansı ölkədə necədirsə, onu bütün beynəlxalq qurumlar dəyərləndirir. Reallıq ondan ibarətdir ki, son illər Azərbaycan inkişaf edib. VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də müasir dövrdə sözügedən məsələnin aktual olmasını göstərir. Həqiqət ondan ibarətdir ki, Azərbaycan bu sahədə bir çox ölkədən irəlidədir. İnsan amilinin inkişafı ilə bağlı böyük töhfələr verib. Azərbaycanda neft gəlirlərinin insan kapitalına yönəldilməsi ilə bağlı böyük layihələr həyata keçirilir. Elm və təhsil sahəsində islahatlar aparılır. Qərb ölkələri insan faktorundan danışsalar da, insan haqlarının pozulması ən çox bu ölkələrdə qeydə alınır. Ən azı miqrantlara qarşı olan münasibət göz qabağındadır. Bu baxımdan, Azərbaycan stabil ölkə olaraq, insan amilinə, faktoruna diqqət edən ölkə kimi gündəmdədir. İnşallah, bu proses get-gedə daha da inkişaf edəcək”.
Vidadi ORDAHALLI