Elşən Həsənov: “Forumda müzakirə edilən məsələlər nəinki Azərbaycan və region, eyni zamanda, dünya üçün kifayət qədər aktual olduğu səbəbindən tədbir qlobal mahiyyət almağa başlayıb”
Oktyabrın 25-26-da Bakıda "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçiriləcək. 2010-cu ildən təşkil olunan forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.
Qeyd edək ki, builki forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edəcək. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar.
Qeyd edək ki, Beynəlxalq Humanitar Forum çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının təşkili məqsədilə rəngarəng mədəni proqram təqdim olunacaq, qonaqların Bakı şəhərinin gəzməli-görməli yerləri ilə tanışlığı təşkil ediləcək.
Göründüyü kimi, 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə ərsəyə gələn və 2011-ci ildə ilk toplantısı təşkil olunan bu forum artıq qlobal əhəmiyyətli bir tədbirə çevrilib. Bu nəyin hesabına mümkün oldu?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, dünya mətbuatı, xarici ölkələrin siyasi və elmi ictimaiyyətinin bu foruma çox diqqət etməyə başlaması olduqca sevindirici haldır: “Forum, adından da göründüyü kimi, cəmiyyətin inkişaf məsələlərini, demokratiya, insan hüquqları məsələsini, təhsil, səhiyyə, ümumən sosial problemlərlə bağlı məsələlərin müzakirəsinin çox ideal bir müstəvisinə çevrilməlkdədir.
Budəfəki forumda müxtəlif ölkələrin siyasi qüvvələrini təmsil edən şəxslər fikir mübadiləsi aparmaqla yanaşı, həm də bu və ya digər məsələlərdə başqa üzvlərin təcrübəsindən də yararlanırlar. Azərbaycan Prezidentinin bu forumlarda birbaşa iştirakı, orada etdiyi çıxışlar həmişə forumun əsas hadisəsinə çevrilir. Digər tərəfdən, Azərbaycan rəsmiləri də bu forumlarda iştirak edərək ölkəmizin humanitar inkişaf sahəsindəki təcrübəsini bölüşürlər. Onu da deyim ki, forum böyük diqqət tələb edir, ildən-ilə orada iştirak edənlərin sayı artır. Burada iştirak edənlərin statusları kifayət qədər yüksəkdir. Həm də hazırda yüksək dövlət vəzifəsində olanlar, eyni zamanda, keçmiş yüksək vəzifə tutan şəxslərin iştirakı forumun nüfuzunu daim artırır. Humanitar Forumun bir sıra ali qonaqları da Bakıda keçirilən bu tədbirin nəinki ölkə, hətta beynəlxalq əhəmiyyətindən ağızdolusu danışırlar və çox yüksək qiymətləndirirlər. Artıq belə fikirlər səslənir ki, Bakı Humanitar Forumu intellektual Davos Forumuna çevrilib. Hesab edirəm ki, bu, əslində, iştirakçıların foruma verdiyi böyük bir qiymətdir. Forum, sadəcə olaraq, Bakının yox, bütövlükdə Azərbaycanın ildən-ilə inkişafının göstəricisidir”.
Ekspertin sözlərinə görə, Humanitar Forum qısa müddətdə dünyanın aparıcı beynəlxalq tədbirlərindən birinə çevrilə bildi: “Forumda iştirak edən ölkələrin və eləcə də dünyaca nüfuzlu şəxslərin sayı göstərir ki, Azərbaycan bununla uğurlu bir layihəyə imza atmağı bacarıb. Azərbaycan üçün forum ölkə həqiqətlərinin yayılması və xüsusən də dünyada təsirləri olan insanlara çatdırılması baxımından əhəmiyyətlidir. Bu tədbir imkan verir ki, Azərbaycanın regionda və eləcə də bölgədə sülhün formalaşmasında rolu və o cümlədən, üzləşdiyi çətinliklər, xüsusən də erməni işğalı ilə bağlı məlumatları dünya ictimaiyyəti ilə bölüşmək mümkün olsun. Bu forum təkcə ölkəmiz üçün deyil, ümumilikdə, bütün bəşəriyyət üçün xoşməramlı missiya daşımaqdadır. Forumda müzakirə edilən məsələlər nəinki Azərbaycan və region, eyni zamanda, dünya üçün kifayət qədər aktual olduğu səbəbindən tədbir qlobal mahiyyət almağa başlayıb”.
Məhəmmədəli QƏRİBLİ