Vüqar Qədirov: “Düşünürəm ki, Bakıdan start götürəcək proses uğurla davam etdiriləcək və Xəzərlə bağlı bütün problemlər öz həllini tapmış olacaq”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müsahibəsində deyib ki, Xəzər dənizinin statusu üzrə işçi qrupunun ilk görüşünün bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılır. Nazir bildirib ki, dövlət başçıları ilk növbədə sahilyanı ölkələrin ərazi sularının müəyyənləşdirilməsi üçün Xəzər dənizində birbaşa çıxış xətlərinin təyin edilməsinin metodikası ilə bağlı beştərəfli sazişin razılaşdırılmasına başlamağı tapşırıblar: "Məhz bu məsələ beştərəfli formatda danışıqların yeni mərhələsinin əsas gündəliyi olacaq".
E.Məmmədyarov vurğulayıb ki, hüquqi status haqqında Konvensiyanın əsas əhəmiyyəti Xəzəryanı dövlətlərin dənizin zəngin təbii resurslarından suveren və müstəsna istifadə hüquqlarını müəyyən etməsidir: "Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin reallaşdırılmasının ardıcıllığını və təhlükəsizliyini, eləcə də dənizdə digər səmərəli iqtisadi fəaliyyətin icrasını təmin edir. Həmçinin, bu sənəd azad gəmiçiliyi və onun təhlükəsizliyini təmin edir ki, bu da Xəzərdə ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayır".
Ratifikasiyaya gəldikdə, xarici işlər naziri bildirib ki, rəsmi Bakı sənədi imzalayan ölkələrin zəruri daxili prosedurları yaxın vaxtlarda icra edəcəyinə ümid edir.
Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Xəzər dənizinin statusu üzrə işçi qrupunun ilk görüşünün məzh Bakıda keçirilməsi necə dəyərləndirilə bilər?
Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmayıb: “Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbitləyir. Xəzərin statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycan diplomatiyasının rolu danılmazdır. Yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Konvensiyanın imzalanması ilə Xəzərin həm dibi, həm də təbii ehtiyatları ilə bağlı bu və digər layihələr birbaşa ölkəmizin iştirakı ilə həyata keçiriləcək”.
Ekspertin sözlərinə görə, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin birgə əməkdaşlığı üçün yeni imkanlar açacaq, eyni zamanda, milli sektorlarda standartların müəyyən olunmasına, Xəzərin ekologiyasının qorunması barədə standartların mövcudluğuna gətirib çıxaracaq: “Amma Konvensiyada razılaşdırılan məsələlərin həyata keçməsi üçün işçi qrupun gərgin fəaliyyətinə ehtiyac var. Mənə elə gəlir ki, işçi qrupunun ilk iclasının məhz Bakıda keçirilməsi həm də böyük simvolik məna kəsb edir. Bu bir daha ölkəmizin Xəzərlə bağlı mübahisəli məsələlərin aradan qaldırılmasına hansı töhfəni verdiyinə sübutdur. Düşünürəm ki, Bakıdan start götürəcək proses uğurla davam etdiriləcək və Xəzərlə bağlı bütün problemlər öz həllini tapmış olacaq”.
Məhəmmədəli QƏRİBLİ