Dövlətlərarası beynəlxalq qurum olan Birləşmiş Millətlər Təşkilatının (BMT) təsis edilməsindən 73 il ötür. Hazırda 193 ölkənin üzv olduğu BMT 1945-ci ilin 24 oktyabr tarixində yaradılıb.
Ölkəmiz 1992-ci ilin mart ayının 2-də BMT-yə üzv qəbul edilib.
Azərbaycan Respublikası BMT-yə üzvlüyü dövründə bu quruma nə verib və BMT Azərbaycana nə qazandırıb? Azərbaycan-BMT əlaqələrini necə qiymətləndirmək olar?
Azərbaycan Respublikasının əməkdar jurnalisti Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan BMT-yə üzv olduğu vaxtdan indiyə qədər bu qurumla sıx əməkdaşlıq edir: “Azərbaycan dövləti BMT Nizamnaməsində nəzərdə tutulan bütün öhdəliklərə əməl edib, edir və etməyə də davam edəcək. Eyni zamanda, BMT-nin müxtəlif missiyalarında Azərbaycan çox yaxından iştirak edir və bu qurumun fəaliyyətinə öz töhfəsini verir. Bu da təbii ki, Azərbaycanın öz beynəlxalq öhdəliklərinə sədaqətinin bir göstəricisidir”.
A.Həsrətin sözlərinə görə, 1945-ci ildə BMT qurularkən SSRİ tərkibində olan Azərbaycana qarşı sovet rəhbərliyi tərəfindən edilən ayrıseçkilik nəticəsində respublikamız həmin dövrdə bu quruma üzv ola bilməyib. Respublikamızın müstəqillik qazandıqdan sonra BMT-yə üzv seçildiyini qeyd edən A.Həsrətin bildirdiyinə görə, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, BMT-də ən aktiv dövlətlərdən biri kimi fəaliyyət göstərməyi bacarıb. “Bizim fəaliyyətimiz o qədər aktiv oldu ki, dövlətimiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyi, eyni zamanda da BMT Təhlükəsizlik Şurasına sədrlik etməyi bacardı. Bundan başqa, BMT-nin ayrı-ayrı struktur vahidləri ilə çox yaxından işbirliyi içindəyik. Mənim özümün də bu strukturlarla təmaslarım var. BMT keçən əsrin 90-cı illərinin əvvəllərində yaşadığımız qaçqın və işğal böhranı zamanı Azərbaycanın yanında oldu. Düzdür, biz arzu etdiyimiz bir çox dəstəyi BMT-dən ala bilmədik. Buna baxmayaraq, BMT tərəfindən qaçqınlara yardımların verilməsi, eləcə də Azərbaycanın ədalətli mövqeyi ilə bağlı 4 qətnamənin qəbul edilməsi, bu qurumun ölkəmizin ərazi bütövlüyünü tanıması və bütün sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etməsi, bütün toplantılarında bu məsələni qabartması reallıqdır” - deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA