“Biz bütün dəyərlərimizlə yanaşı, multikultural ənənələri də davam etdiririk. Bu forum xalqlararası, dövlətlərarası sivil, mehriban münasibətlərin formalaşmasına, daha da zənginləşməsinə, daha mütərəqqi müstəviyə keçməsinə xidmət edir. Azərbaycanın başqa dövlətlərlə qarşılıqlı əməkdaşlıq etməsi baxımından, eləcə də ölkəmizin Şərq-Qərb mədəniyyətinin kəsişdiyi, çuğlaşdığı multikultural bir məkan olması dünya üçün böyük əhəmiyyətə malikdir. Ölkəmiz bütün dünya çapına çıxmaq, tanınmaq nöqteyi-nəzərindən hər cür multikultural əlaqələri davam etdirməlidir. Azərbaycanda mövcud olan multikulturalizmi hər birimiz alqışlamalı, onu təqdir etməliyik. Bilirik ki, Beynəlxalq Bakı Humanitar Forumunun təşəbbüskarı Azərbaycan və Rusiya prezidentləri olub. Bildiyim qədər, bu layihənin əvvəlcə iki dövlət arasında həyata keçirilməsi nəzərdə tutulub, sonra isə o öz tutumuna, daşıdığı missiyaya görə beynəlxalq bir layihəyə, platformaya çevrilib. Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin ən azı 200 il tarixi var. Bizim təhsilimiz, elmimiz, intellektual inkişafımız Rusiya ilə bağlı olub və biz bu sahədə böyük nailiyyətlər əldə etmişik. Bunları inkar etmək olmaz.
Azərbaycanda keçirilən ənənəvi Beynəlxalq Bakı Humanitar Forumu artıq 6-cı dəfədir dünyanın diqqətini Bakıya yönəldir”. Bu fikirləri bizimlə söhbətində “Neft daşları” qəzetinin baş redaktoru, yazıçı-jurnalist Xeyrulla Ağayev VI Beynəlxalq Bakı Humanitar Forumunun Azərbaycanda mövcud olan multikulturalizm dəyərlərinin dünyada tanıdılmasında oynadığı rolu şərh edərkən deyib.
X.Ağayev, həmçinin, vurğuladı ki, Azərbaycan multikulturalizmin ünvanı kimi müxtəlif xalqların yaşadığı, ayrı-ayrı mədəniyyətlərin formalaşdığı, təşəkkül tapdığı və yaşadıldığı bir məkandır. Ölkəmizdə mövcud olan multikulturalizm ənənələrinin bir sıra dünya ölkələri üçün örnək olduğunu deyən X.Ağayev hesab edir ki, bu ənənənin yayılmasında Humanitar Forumun əhəmiyyəti az deyil. “Hesab edirəm ki, Beynəlxalq Bakı Humanitar Forumu Azərbaycanda mövcud olan multikulturalizmin dünyada tanıdılmasında, təbliğ olunmasında müsbət rol oynayır” - deyə X.Ağayev bildirdi.
İradə SARIYEVA