Ermənistanda bu ilin dekabrında baş tutacaq növbədənkənar parlament seçkilərindən sonra İrəvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımlar atacağı ətrafında müxtəlif fikirlər səslənməkdədir. İndilikdə hadisələrin gedişindən belə görünür ki, barəsində bəhs edilən seçkilərdə Nikol Paşinyana yaxın qüvvələr qanunverici orqanda həlledici səs çoxluğu əldə edə bilər. Bu isə Paşinyana yenidən baş nazir vəzifəsini tutub hakimiyyət üzərində tam nəzarəti əldə etmək imkanı qazandırır. Məhz bundan sonra Paşinyan Qarabağ məsələsində daha sərbəst hərəkət etmək imkanı qazanır.
Rəsmi Bakının gözləntiləri bundan ibarətdir ki, seçkilərdən sonra, nəhayət, İrəvan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstrukutiv addımlar atacaq. Yox, Paşinyan bu vaxta qədər olan Qarabağ ritorikasını davam etdirsə, onda bu vəziyyət münaqişənin hərbi həllini qaçılmaz edəcək. Hərbi həllin Ermənistan üçün fəlakətli olacağına dair isə yenidən İrəvana edilən xəbərdarlıqların sayının artması müşahidə olunur. Məsələn, rusiyalı ekspert Dmitri Verxoturov vurğulayır ki, Qarabağ savaşı yenilənərsə, Azərbaycan bir-iki günə Ermənistan Silahlı Qüvvələrini tam məhv edəcək. O bunu bütün mühüm parametrlər üzrə Azərbaycanın öndə olması ilə izah edir. Ekspert diqqəti ilk növbədə buna yönəldir ki, Ermənistanda demoqrafik böhran getdikcə sürətlənir. İşğalçı ölkə həm miqrasiya, həm də doğuş sayının azalması nəticəsində ciddi təhlükə ilə üz-üzədir. Ekspert Ermənistanla müqayisədə Azərbaycanın demoqrafik və hərbi sahədə sürətlə gücləndiyinə diqqət çəkir. Rusiyalı ekspert bundan sonra da Ermənistanda əhalinin azalmasının sürətlə gedəcəyini hesab edir: “Erməni demoqrafiyası diasporla maskalanır. Yəni gedənlər erməni diasporu olur və lazım olanda onlar geri qayıdacaq. Bu, böhranı ört-basdır etmək üçün yaradılan maskadır. Ümumiyyətlə, Qarabağda müharibə zamanı Azərbaycan və Ermənistan arasında demoqrafik müqayisə aparmağın mənasız olduğunu düşünürəm. Birincisi, əhalinin sayına görə Azərbaycanın öndə olduğu aşkardır, ikincisi, Azərbaycanın iqtisadi göstəriciləri müqayisəedilməzdir. Lakin müharibələr təkcə demoqrafiya ilə qazanılmır. Çağırışçı kontingent əhəmiyyətlidir, amma bu, qələbə üçün əsas deyil. Müasir müharibəni artilleriya qazanır, daha dəqiq desək, topların və təyyarələrin üstünlüyü. Azərbaycanın potensial artilleriya sistemi, ümumilikdə hərbi gücü Ermənistanla müqayisə edilə bilməz. Qarabağda baş verə biləcək müharibədə Ermənistan Azərbaycanın artilleriya sistemləri və təyyarələrinin bombardmanı qarşısında duruş gətirə bilməyəcək, sadəcə olaraq məhv olacaq. Hesab edirəm ki, belə şərtlər altında Qarabağda baş verə biləcək müharibə bir, ya da iki gün ərzində Azərbaycanın qələbəsi ilə bitəcək”.
Digər rusiyalı politoloq Yevgeni Mixaylov da hesab edir ki, İrəvan bütün bu məqamları nəzərə alaraq Azərbaycanla savaşdan, ən azından, öz məhvinin qarşısını almaq üçün qaçmalıdır. Ancaq ekspert hazırda Ermənistanda məntiqdən uzaq bir siyasət yürüdüldüyünü bildirir. O vurğulayır ki, Ermənistanın həyata keçirdiyi siyasətin ultramillətçilərə və Rusiyanın regiondakı maraqlarına zidd olan müharibə tərəfdarlarına kəskin vüsət verdiyi çox açıqdır. Ekspertin sözlərinə görə, Paşinyan və digər siyasi qüvvələrin qarşılıqlı münasibətlərində qeyri-müəyyənlik olsa da, kifayət qədər vacib amillər müşahidə olunur. Bunlardan biri kimi ekspert Nikol Paşinyanın ultramillətçi “Daşnaktsütyun“ və “Sasna Tsrer“lə qarşılıqlı münasibətlərini göstərib: “Nikol Paşinyanın “Daşnaksütyun“u dəstəklədiyi fikrinin özü bir o qədər də düzgün deyil. Mənim fikrimcə, məhz daşnaklar öz maraqları naminə Paşinyan fiqurunu dəstəkləyirlər. Onların partiyası terror qruplaşması olan “Sasna Tsrer“lə birlikdə yaxın vaxtlarda da Ermənistanın siyasi dairələrinin xarici siyasət ideyalarının əsas inteqratorları olaraq qalacaq. Bu isə Qarabağda savaşı tətikləyə bilən faktora çevrilə bilər”.
Mixaylov qeyd edib ki, Ermənistanın siyasi dairələri nasizmin reabilitasiyası və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yanaşmanın radikallaşması kursunu götürüb: “Vəziyyət acınacaqlıdır. Daşnaklar və “Sasna “Tsrer“ hakimiyyətə gələcəyi halda Dağlıq Qarabağla bağlı danışıqlar prosesi haqqında sadəcə arzulamaq olar. Rusiya ilə münasibətlərin də minimuma enəcəyini ehtimal etmək olar və o zaman Qarabağın qaytarılması üçün fövqəladə tədbirlərin vaxtı gəlib çatacaq. Mən başlanğıc üçün diplomatik tədbirləri nəzərdə tuturam. İstənilən halda, Bakı son 25 ildə müharibəyə başlamamaqla bağlı məsləhətlərə qulaq asıbsa, deməli, onun kifayət qədər səbri var. Dözümlülük xüsusi itkiyə məruz qalmadan torpaqları geri qaytarmağa imkan yarada bilər. Üstəlik, artıq regionda yeni oyuna başlayan amerikalılar da işğal olunmuş ərazilərin Azərbaycanın tarixi torpaqları olması barədə bəyanatlar verməyə başlayıb. İstənilən halda, maraqlı dövr yaşayırıq. Nə vaxtsa illərlə gözlənilən bir neçə gün ərzində baş verə bilər”.
Hər halda, seçim indi erməni tərəfindədir. Bu ölkə onsuz da Qarabağ iddiası səbəbindən özünü kifayət qədər böyük problemlərlə üz-üzə qoyub. İrəvan Qarabağ münaqişəsi ilə bağlı siyasətində dəyişiklik etməsə, onun tənəzzülü daha dinamik hala gələcək. Üstəgəl, belə vəziyyətdə artan müharibə risqi Ermənistan üçün daha böyük zərbə deməkdir. Erməni politoloq Armen Sarkisyan vurğulayır ki, Paşinyan iqtidarı bütün bunları mütləq şəkildə nəzərə almalıdır: “Dekabr ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı dolayısı ilə, fikrimcə, həm də Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”. Erməni politoloq Düşənbədə Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşünü xatırladıb və qeyd edib ki, Bakı Paşinyanın “danışıqlarda Dağlıq Qarabağın iştirakı” iddiasından əl çəkməsi qarşılığında bu razılaşmaya getdi: “Paşinyan Düşənbədən qayıdandan sonra təcili şəkildə parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etdi. Bu fakt onu deməyə əsas verir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında tələsik qərar Qarabağ problemi üzərində hansısa planla bağlıdır. Bu, Azərbaycanın istəyinə uyğun kimi görünür. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirdi ki, “Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra yeni hökumətin işğal altındakı ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılması ehtiyacını anlayacağına ümid edirik”. Digər tərəfdən, son zamanlar Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müəyyən intriqa nəzərə çarpır. Birincisi, ABŞ prezidenti Donald Tramp müstəqillik günü ilə bağlı Ermənistanın baş nazirinə göndərdiyi təbrik məktubunda qeyd etdi ki, “qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni imkanlar yaranacaq”. İkincisi, bu günlərdə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Corc Kentin Bakıda bəyan etdi ki, “Nyu Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin, həmçinin, Düşənbədə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşü son zamanlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində irəliləyişlərin olduğuna işarədir”. Kentin əlavə etdi ki, ABŞ münaqişənin “Madrid prinsipləri“ üzrə nizama salınmasında öz öhdəliklərinə sadiqdir. Göründüyü kimi, bu bəyanatlar ABŞ-ın regionda aktivləşməsinin sübutudur. Buna paralel olaraq, Rusiya KİV-i postsovet məkanında münaqişələrin nizama salınması mövzusunu aktuallaşdırdı. Hətta Rusiya müdafiə naziri Sergey Şoyqunun münaqişələrin nizama salınması ilə maraqlandığı haqda xəbərlər çıxdı. Məhz Şoyqu Azərbaycan və Ermənistanı barışdırmaq niyyətindədir”. Sarkisyan hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz, xüsusilə Dağlıq Qarabağ münaqişəsi üzrə siyasəti yaxın gələcəkdə özünü açıq şəkildə ifadə edəcək: “ABŞ hələ ki, “Ərazilərin müəyyən hissəsi azad edilmədən münaqişənin həll edilməsi mümkün deyil” tezisi üzərindən çıxış edir. Mümkündür ki, Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra planlar ortaya çıxacaq”. O, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin Qarabağ açıqlamasını yalnız bu cür izah etməyin mümkün olduğunu da bildirib: “Millz təkcə Ermənistanı tərk edən səfir deyil, o, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin nümayəndəsidir. Onun bu çıxışı bütün həmsədr ölkələrin birləşmiş mövqeyi də ola bilər”.
Qeyd edək ki, Millz Qarabağ konfliktinin həlli üçün işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması gərəkdiyini bildirib. Elə Azərbaycan da zəbt edilmiş ərazilərinin “Madrid prinsipləri“nə uyğun olaraq tədricən azad edilməsini istəyir. Yuxarıda qeyd olunduğu kimi, Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra bu istiqamətdə atılacaq istənilən addım Azərbaycan tərəfindən müsbət qarşılanacaq. Əks təqdirdə məsələnin hərbi həlli qaçılmazdır.
Hələlik əsas gözləntilər bundan ibarətdir ki, Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti onların dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxarmaqdan başqa yol olmadığını qəbul edərək, sülhə doğru real addımlar atacaq. Çünki İrəvana da yaxşı bəllidir ki, Azərbaycan istənilən halda, özü də qeyd-şərtsiz öz torpaqlarını geri qaytaracaq. Sülh yolu nəticə verməsə, Azərbaycan, hərb variantından istifadə etmək bahasına da olsa, ərazi bütövlüyünü bərpa edəcək. Bu fonda ermənilərdən məsələnin hələlik dinc istiqamətdə çözümü üçün konstruktiv addım gözlənir. Ermənistan bununla bağlı artıq qısa zaman ərzində dəqiq seçim etməlidir. Məhz bu seçim ya Ermənistanın tam sonunu gətirəcək, ya da onun işğala son qoyub Azərbaycanla əməkdaşlıq şəraitində inkişafına gətirib çıxaracaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.