Mehman Muradlı: “Belə bir cəza mexanizmini işə salsaq, qondarma qurum ərazisinə olunan səfərlərin sayı daha da azalacaq”
Azərbaycan Xarici İşlər Nazirliyi işğal altında olan Dağlıq Qarabağ ərazisinə edilən növbəti qanunsuz səfərlə bağlı mövqeyini açıqlayıb. Maraqlıdır ki, XİN-in belə səfərlərlə bağlı tərtib etdiyi “qara siyahı”ya bu dəfə Fransa şəhərlərindən birinin meri də düşüb.
Fransanın Sent Etyen şəhərinin meri Qael Perdrionun ölkəmizin işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyən XİN-in bəyanatında deyilir: “Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də Fransa milli qanunlarına zidd olaraq atdığı bu addım Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir”.
Daha sonra bildirilir ki, bu qanunsuz səfərdə Sent Etyen şəhərinin merini Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbulan müşayiət edir: “Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər nazirinin 2018-ci ilin 24 may tarixli yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə təmini sənədinə istinad edir və yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyin qadağan edildiyini xatırladırıq. Bu xüsusda vurğulayırıq ki, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən “Dostluq haqqında bəyannamə” heç bir hüquqi qüvvəyə malik deyil”.
XİN adından yayılan bəyanatda bildirilir ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə, həmçinin, Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir: “Fransa hökumətini öz yerli özünüidarəetmə qurumlarını ölkəmizin ərazilərinin işğalı nəticəsində yaranmış status-kvo vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən qanunsuz əməllərdən çəkindirəcək və öz qanunvericiliyinin qeyd-şərtsiz yerinə yetirilməsini təmin edəcək addımlar atmağa çağırırıq. Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək".
Çox maraqlıdır ki, Fransa hökuməti əksər hallarda bu cür səfərlərlə bağlı mövqe bildirərkən bütün günahı yerli subyektlərin üzərinə yükləyirdi və onların bu cür addımlarının Fransa mərkəzi hakimiyyətinin mövqeyini əks etdirmədiyini bildirirdi. Ancaq XİN-in yaydığı bəyanatda Fransanın öz milli qanunvericiliyinə istinad edilir və həmin ölkənin istənilən subyektinin separatçı qurumlarla əlaqəsinin qadağan edildiyi sübuta yetirilir. Məntiqlə belə çıxır ki, həmin adamlar öz ölkələrinin qanunları qarşısında da məsuliyyət daşıyırlar. Adları bizim tərtib etdiyimiz “qara siyahı”ya düşən Fransa vətəndaşları ilə bağlı həmin ölkənin özü hansı hüquqi ölçüləri götürməlidir?
Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, bu səfərlərin mahiyyət etibarilə qanunsuz olması, yarada biləcəyi hüquqi məsuliyyət barədə çox danışmışıq: “Ancaq hiss olunur ki, bəzi ölkələr bundan nəticə çıxarmaq əvəzinə, müxtəlif bəhanələrlə deyilən istiqamətdə öz fəaliyyətlərini davam etdirirlər. Təəssüflə qeyd etməliyik ki, belə ölkələrdən biri də Fransadır. Rəsmi Paris bu məsələdə xüsusi örnək sayıla biləcək mövqe ortaya qoymalı olduğu halda, əksinə, sağa-sola sapınır. Biz Fransadan bu məsələyə ona görə xüsusi yanaşma tələb edirik ki, həmin ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sülhyaratma mandatı var. Çünki Fransa Minsk Qrupunun həmsədr ölkəsidir. Ancaq biz görürük ki, əksər halda vəzifə daşıyan Fransa vətəndaşları işğal altında olan Dağlıq Qarabağ ərazisinə daha çox səfər edirlər. Səfərlə yanaşı, onlar şəhərlərin qardaşlaşması və qondarma qurumun təbliğinə aid edilən tədbirlər keçirirlər. Dəfələrlə belə hallarla bağlı bizim rəsmi qurumların etirazı olub. Hər dəfə Fransa bildirib ki, yerli subyektlər bu cür məsələdə sərbəstdirlər. Ancaq XİN-in son bəyanatında Fransa qanunvericiliyinə istinadən xatırladılır ki, belə əməllər həmin ölkənin öz qanunvericiliyi tərəfindən də təqib olunur”.
Mehman Muradlının fikirincə, Fransa hakimiyyəti mütləq həmin şəxsləri yerli qanunvericiliyə istinad edərək öz ölkəsində cəzalandırmalıdır: “Çünki onların yerli qanunvericiliyində deyilir ki, özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etmək qadağan edilir. Fransa şəhərlərindən birinin meri olan şəxs yanındakı adamlarla səfər etdiyi region hazırda separatçıların nəzarəti altındadır və həmin qurum Fransa tərəfindən tanınmır. Belə olan təqdirdə biz adları “qara siyahı”ya salınan şəxslərin həm də Fransa qanunları əsasında cəzalandırılmasını rəsmi Parisdən tələb etməliyik. Sizi əmin edirəm ki, belə bir cəza mexanizmini işə salsaq, qondarma qurum ərazisinə olunan səfərlərin sayı daha da azalacaq. Yox, Fransa öz qanunlarına hörmətsizlik edib şəhər merini cəzalandırmaq istəməsə, bu, beynəlxalq müstəvidə ciddi qalmaqala səbəb ola bilər”.
Məhəmmədəli QƏRİBLİ