Əhəd Məmmədli: “Culiani bu işi tarixin öhdəsinə buraxmağı qeyd etməklə erməniləri ikiqat məyus etmiş olub”
Ermənistanda səfərdə olan ABŞ Prezidentinin müşaviri, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani erməniləri bərk məyus edib. Erməni KİV-lərinin məlumatına görə, sabiq merin səfər proqramına İrəvanda olan saxta soyqırım abidəsini ziyarət etmək də salınıbmış.
Rusiya erməniləri ittifaqının sədri Ara Abramyanın müşayiəti ilə həmin qondarma abidə önündə olarkən ABŞ Prezidentinin müşaviri jurnalistlərin suallarını cavablandırıb. “Donald Tramp administrasiyası “erməni soyqırımı”nı tanımalıdırmı” sualına Culianinin cavabı belə olub: “Bunu tarixi fakt sayıram. Nəzərinizə çatdırım ki, mən bura başqa statusla, şəxsi səfər edirəm”.
Bu yöndə ona ünvanlanan digər suallardan da Culiani yayınaraq ermənilərin istəklərini ürəklərində qoyub. ABŞ Prezidenti müşavirinin bu davranışını necə dəyərləndirmək olar?
Politoloq Əhəd Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, bu məqamda Culiani çox obyektiv mövqe ortaya qoyub: “Daha dəqiq desək, ermənilərin niyyətini dərindən dərk etdiyi üçün provokasion sualdan yayınıb. Bilirsiniz ki, Ermənistan hakimiyyəti saxta soyqırım abidəsinin ziyarət edilməsini rəsmi protokol qaydalarına salıb. Yəni ölkəyə işgüzar səfər edən dövlət rəsmiləri mütləq ora aparılırlar. Ancaq o da məlumdur ki, keçmiş təcrübədən nəticə çıxaran bəzi rəsmilər mübahisə doğuran abidəni ziyarətdən yayınıblar. Çünki həmin liderlər bilirlər ki, onların oradakı davranışları Türkiyə və Azərbaycan tərəfindən diqqətlə izlənir. Əksər hallarda hansısa liderin saxta abidə önündəki davranışları mübahisələrə və müzakirələrə yol açmış olub. Bilirik ki, həmin saxta soyqırım ittihamları Türkiyəyə tuşlanır və Ermənistan, həmçinin, Azərbaycana qarşı əsl qenosid siyasəti yürüdür. Bu baxımdan da artıq Ermənistana edilən rəsmi səfərlər zamanı bir çox ölkələrin liderləri həmin saxta abidənin ziyarəti zamanı ölçülü davranmağa üstünlük verirlər. Əksər hallarda isə ziyarətdən imtina edirlər. Göründüyü kimi, ABŞ Prezidentinin müşaviri də belə yanaşma ortaya qoyub. Ermənilər ondan saxta soyqırımla bağlı bir söz alıb onu geniş auditoriyaya tirajlamağı düşünürmüş. Amma gördüyümüz kimi, Culiani şəxsi səfərdə olduğu statusunu əsas gətirərək onların provokativ məzmunlu suallarından yayınıb. Amma həmin yayınmanın içində də bir cümləlik obyektiv mövqe ortaya qoyub. O deyib ki, həmin hadisələr tarixi faktlardır. Bilirsiniz ki, Türkiyə rəsmiləri də dəfələrlə bildiriblər ki, bu məsələ siyasi təbliğat vasitəsinə çevirməməlidir. Bu mövzunun araşdırılması tarixçilərin öhdəsinə buraxılmalıdır. Hətta Türkiyə bu istiqamətdə arxivlərini də araşdırmaçıların üzünə açmağa hazır olduğunu bəyan edib. Culiani bu işi tarixin öhdəsinə buraxmağı qeyd etməklə erməniləri ikiqat məyus etmiş olub”.
Məhəmmədəli QƏRİBLİ