Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının son zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanmasından sonra kifayət qədər aktuallaşan məsələlərdən biri də “Transxəzər” qaz boru kəmərinin çəkilişidir.
Xüsusən də bu günlərdə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri, yeni əməkdaşlıq proqramının hazırlanması yenidən diqqəti “Transxəzər”ə yönəldib. Xatırladaq ki, həmin səfər çərçivəsində Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu fonda iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda müşahidə edilən müsbət dinamika qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye və mədəni-humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb. Məsləhətləşmələrin yekunlarına dair nazirlər səviyyəsində Azərbaycan Respublikasının XİN-i və Türkmənistan XİN-i arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.
Ekspertlər isə bu yaxınlaşma fonunda “Transxəzər”in reallaşma şansının daha da yüksəldiyini bildirir. Məsələyə münasibətində energetika naziri Pərviz Şahbazov bildirir ki, “Transxəzər” təbii qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin istəyi və hazırlığı olmalıdır: “Transxəzər” qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin buna istəyi, arzusu və hazırlığı olmalıdır. Xəzərin hüquqi statusu ilə bağlı yekun konvensiyanın imzalanması da, öz növbəsində, daha yeni imkanlar açır. Bu konvensiya əvvəlcə bütün iştirakçı ölkələrdə müəyyən hüquqi prosedurlardan keçməlidir. Bundan sonra isə o, əsas yaradacaq ki, iştirakçı ölkələr təkcə enerji deyil, digər sahələrdə də öz aralarında, o cümlədən ikitərəfli formatda bir sıra birgə əməkdaşlıq yaratsınlar və layihələr həyata keçirsinlər”. Bu açıqlamadan da aydın görünür ki, məlum konvensiya “Transxəzər” üçün yeni imkan yaradıb, Azərbaycanla Türkmənistan da bundan faydalanmağı düşünür.
Onu da qeyd edək ki, “Transxəzər” qaz boru kəməri layihəsi Türkmənistan qazının Xəzər dənizi və Azərbaycandan keçməklə Avropa bazarına çatdırılmasını nəzərdə tutur. Bu fonda artıq Avropa da Xəzər konvensiyasından sonra “Transxəzər”in çəkilişi üçün aktiv fəaliyyətə hazırlaşır. Bu məqsədlə yaxın tezlikdə Avropa İttifaqı ilə Türkmənistan arasında yeni aktiv təmasların başlanacağı da bildirilir. Xatırladaq ki, Türkmənistan qazının Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya nəqli üçün nəzərdə tutulan “Transxəzər” layihəsi uzun illər əvvəl irəli sürülüb. Amma Xəzərin hüquqi statusunun razılaşdırılmaması layihənin qarşısında əsas əngəl hesab edilirdi. Çünki Rusiya və İran bu mövqedə idi ki, dənizin dibindən kəmərlərin çəkilməsi bütün sahilyanı dövlətlərin razılığı ilə baş tuta bilər.
Amma Xəzərin hüquqi statusuna dair konvensiyada göstərilir ki, dənizin dibindən kəmərlərin çəkilməsi üçün kəmərin marşrutunun keçdiyi milli sektorların mənsub olduğu ölkələrin razılığı kifayət edir. Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov da bildirir ki, Xəzərin hüquqi statusuna dair konvensiya dənizin dibindən boru kəmərlərinin çəkilməsi mövzusunu kifayət qədər ətraflı açır, izah edir. Konvensiyada bütün sahilyanı dövlətlərin öz milli sektorlarında texnoloji boru kəmərlərini çəkmək hüququ təsbit olunub. Xüsusən də Xəzərdə neft-qaz yataqlarının istismarına başlanmasından bəri dənizin dibi ilə müxtəlif təyinatlı bir çox kəmərlər çəkilib və belə kəmərlərin sayı artacaq. Bununla yanaşı, konvensiyada Xəzərin dibində heç vaxt mövcud olmayan magistral kəmərlərin çəkilməsi mövzusuna ayrıca toxunulur. Konvensiyanın 14-cü maddəsində deyilir ki, tərəflər bu cür boru kəmərləri çəkə bilər, amma bir şərtlə ki, tikinti layihələri tərəflərin iştirakı ilə imzalanmış beynəlxalq müqavilələrdə əksini tapmış ekoloji tələblərə və normalara, o cümlədən Xəzər dənizinin dəniz mühitinin qorunmasına dair çərçivə konvensiyasına və həmin sənədə əlavə olunmuş protokollara uyğun olsun. Bu fonda hesab edilir ki, “Transxəzər”in çəkilişi zamanı layihələndirmə mərhələsində onun Xəzərin ekologiyasına mümkün təsirlərini analiz etmək proseduru başlamalıdır. Yəni “Transxəzər” layihəsi üzərində layihələndirmə işləri zamanı onun ekoloji ekspertizadan keçirilib reallaşdırılması elə də problem olmayacaq. Bakı və Aşqabadın tezliklə bu prosesə başlaması isə istisna olunmur. Bu da o deməkdir ki, Azərbaycan üzərindən Avropaya yaxın tezlikdə daha böyük həcmdə təbii qazın daşınmasını gözləmək olar. Belə vəziyyət “Cənub Qaz Dəhlizi” layihəsinə yeni tədarükçülərin qoşulması və buraxılış gücünün artırılmasına imkan verir. Elə Avropa özü də bu prosesdə xüsusi maraqlı tərəf kimi çıxış edərək, Bakı və Aşqabadla işbirliyini genişləndirir.
Hahid SALAYEV