ABŞ və İran arasında kəskinləşən münasibətlərin iqtisadi nəticələrinin necə olacağı getdikcə daha çox diqqət mərkəzində yer almaqdadır. Belə görünür ki, ABŞ İrana qarşı iqtisadi təzyiqləri artırmaqda qərarlıdır və gələn ayın əvvəlində bu sahədə yeni sanksiyaların işə düşməsi artıq qaçılmazdır. Belə vəziyyətdə maraq doğuran məqamlardan biri İranın iştirakı ilə həyata keçirilən transmilli layihələrin taleyinin necə olacağıdır.
Bura Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi də daxildir. Görünən budur ki, ABŞ-İran çəkişməsi “Şimal-Cənub”a təsirsiz ötüşəcək. Dəhlizlə bağlı işlərin daha intensiv xarakter alması da bunu təsdiq edir.
Elə Azərbaycan tərəfi də işlərin gedişindən məmnunluq bildirir. Xatırladaq ki, ölkəmiz bu dəhlizin reallaşmasına böyük miqdarda sərmayə yatırıb. Digər tərəfdən, bu dəhlizin həyata keçməsinə indi təkcə iştirakçülar yox, dünyanın bir çox dövlətləri də xüsusi maraq göstərir. Çünki “Şimal-Cənub” iqtisadi cəhətdən ən optimal marşrutlardan biri sayılır. Marşrutun yük bazasını Hindistan və Fars Körfəzi ölkələrinin Rusiya, Skandinaviya bölgəsi və Şimali Avropa ölkələri ilə ticarəti təşkil edir. Onu da bildirək ki, “Şimal-Cənub” hazırda sınaq rejimində işləyir. Bu marşrutla əsasən Rusiyanın müxtəlif regionlarından və Belarusdan İrana taxta materialları, MDF, taxıl və qida məhsulları, İrandan isə Rusiyaya, Gürcüstana və Azərbaycana meyvə-tərəvəz, klinker-sement, kafel, metlax, armatur və digər yüklər daşınır. Amma marşrut tam gücü ilə işə düşdükdən sonra daha böyük mənfəət qazandıracaq. Özü də burada onu xatırlatmaq lazım gəlir ki, Azərbaycan bu layihəyə qoşulduqdan sonra Bakının qeyd olunan xüsusda irəli sürdüyü təklif daha səmərəli və cəlbedici sayılır. Bu səmərəlilik ondan ibarətdir ki, yüklərin daşınma xərci azalır və çatdırılma vaxtı qısalır. Yəni yüklər gəmi ilə Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatara yüklənir və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülür. Bundan sonra birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Avropa ölkələrinə çatdırılır. Bu layihədə İranın da maraqlı olması təbiidir. Çünki İran da tranzit rolunu oynamaqla tranzit gəlirlər əldə etməyə və özünün idxal-ixrac əməliyyatlarını daha qısa və ucuz başa gələn yolla həyata keçirməyə çalışır. Buna görə də İran dövləti ölkə ərazisində geniş dəmir yolları şəbəkəsi inşa etmək qərarına gəlib. Körfəz sahillərində yerləşən limanlarla dəmir yolu əlaqəsi çoxdan mövcuddur. Lakin “Şimal-Cənub”un formalaşması üçün yeni yolların salınması da lazım olduğundan, İran 2000-ci ildən başlayaraq Qəzvin şəhərindən Rəştə, oradan isə Astara şəhərinə dəmir yolu xətti çəkməyə başladı ki, həm özünün, həm də tranzit yüklərin Azərbaycana, oradan isə Rusiya və Avropaya daşınmasına nail olsun. Qəzvin-Rəşt dəmir yolu xəttinin bu il istismara verilməsi gözlənirdi. Lakin dünya bazarında neftin qiymətinin kəskin şəkildə azalması bu layihənin bir il yubanmasına səbəb oldu. İranın Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Abbas Zamaninin sözlərinə görə, bu xətt gələn ilin mart ayında istismara veriləcək. Lakin əsas məsələ Rəşt-Astara xətinin tikintisidir. Məhz bu hissə İranla Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək. Yolun tikinti mərhələsində qarşıya çıxan ən ağır işlər görülüb. Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlı olduğu üçün yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayırıb. Onu da vurğulayaq ki, Azərbaycan üzərinə düşən öhdəliyi artıq yerinə yetirib. Azərbaycanın və İranın dəmir yollarını birləşdirəcək Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsü inşa edilib və istismara verilib. Elə bu gün Rusiya İrana malların ixracını məhz Astara dəmir yolu körpüsü vasitəsilə həyata keçirir. Digər mühüm məqam odur ki, “Şimal-Cənub” İran, Hindistan, Rusiya və Azərbaycanla yanaşı, Fars körfəzi və Orta Asiya dövlətlərinin, həmçinin Çinin də maraq dairəsindədir. Eyni zamanda, “Şimal-Cənub” işə düşdükdən sonra Hindistandan Avropaya yüklər 20 gün daha tez çatdırılacaq. Özü də hər 15 ton yükün daşınmasında şirkətlər 2500 dollar vəsaitə qənaət edə biləcək. Ümumdünya Ticarət Təşkilatının hesabatına görə, Hindistanın xarici ticarət dövriyyəsi 1 trilyon dollara yaxınlaşıb. Bu fonda Hindistanın “Şimal-Cənub”a maraq göstərməsi və yüklərini əsas etibarı ilə bu marşrut üzərindən daşıması Azərbaycana tranzit yükdaşımalardan kifayət qədər böyük gəlir vəd edir. Eyni zamanda Azərbaycan logistika və tranzit mərkəzinə çevrilir. Bu amil, dövlət büdcəsinə əlavə vəsait gəlməsi ilə yanaşı, ölkənin ixrac potensialını artıracaq. Ekspertlərin fikrincə, belə vəziyyət qeyri-neft sektorunun inkişafına, iqtisadi islahatların sürətlənməsinə də impuls verəcək. Bütün bunlar bir daha aydın göstərir ki, “Şimal-Cənub” qarşıdakı dövrdə Azərbaycanın iqtisadi inkişafına yeni təkan verəcək.
Tahir TAĞIYEV