Ermənistanda İrəvan meriyasının təşkilatçılığı ilə İrəvan şəhərinin inşa edilməsinin 2800 (?) illiyi münasibətilə silsilə tədbirlər keçirilir. İrəvanın İngilis parkında “Çoxmillətli İrəvan” adlı bir meydança açılacaq. Ermənistan mətbuatının yazdığına görə, həmin meydançada Ermənistanda yaşayan (?) müxtəlif xalqlarının mədəniyyətinə aid nümunələr nümayiş olunacaq.
“Çoxmillətli İrəvan” anlayışının anormal olduğunu qeyd edən tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı- alim Faiq Ələkbərli hesab edir ki, ortaya atılan növbəti saxtakarlıq bir neçə millətin genini daşıyan hayların dünyada ifşa edilməsini tezləşdirir: “Ermənilər saxtakar əməllərindən əl çəkmək istəmirlər. İrəvan şəhərinin ermənilərlə yaxından və uzaqdan heç bir tarixi əlaqəsi yoxdur. Nəinki Türk dünyasına, hətta dünyanın bir sıra dövlətlərinə məlumdur ki, ermənilər Çar Rusiyasının dəstəyi ilə Azərbaycan torpaqlarına köçürülüblər. Ümumiyyətlə, Ermənistan deyilən respublika qədim Azərbaycan torpaqları üzərində qurulub və bunu dünyanın bütün mütərəqqi alimləri də qeyd edirlər. İrəvan şəhərinə gəlincə, bilirsiniz ki, bu şəhər qədim Azərbaycan şəhəridir və ermənilər burada sonrakı dövrlərdə məskunlaşıblar. Bu gün dünyaya car çəkirlər ki, İrəvan şəhərinin 2800 illiyidir və onlar bu saxta tarixi müxtəlif formalarda realizə etməyə cəhd göstərirlər. Monoetnik dövlət olan Ermənistanın “çoxmillətli İrəvan” iddiası ilə çıxış etməsi gülünc görünür. Çünki nə İrəvanın 2800 illik tarixi var, nə də Ermənistan çoxmillətli və çoxmədəniyyətli dövlətdir. Ermənistanda ermənilərdən başqa qeyri-millətlər yaşamırlar. Onlar başqa millətlərdən danışarkən bəlkə bu respublikadakı Rusiya ordusunun hərbçilərini nəzərdə tuturlar?”
F.Ələkbərli onu da bildirdi ki, Ermənistanda yaşayan yezidi kürdlər çoxdan assimilyasiya edilib və buradakı gürcülər, ruslar, fransızlar, ingilislər və digər xalqların nümayəndələri isə daha çox bu respublikada fəaliyyət göstərən diplomatik korpusu təmsil edənlərdir. “Bu halda, hansı “çoxmillətli İrəvan”dan danışmaq olar, anlamıram. Bunu ermənilər özləri bilmirlər ki? Azərbaycan şəhəri olan İrəvanda ancaq ermənilər yaşayır” - deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA