Məhəmməd Əsədullazadə: “Artıq Rusiyada erməniləri satqın və qonşularına qarşı genosid siyasəti aparan bir toplum kimi qəbul edirlər”
“Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir”. Məlum olduğu kimi, bu sözləri mətbuata açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan D.Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar: “Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”.
Xocalıda ermənilərin törətdiyi genosid bəşəri cinayətdir. İndiyə qədər onların buna görə cəzalandırılmaması təəssüf doğurur. Müsbət haldır ki, Rusiya kimi böyük dövlətin deputatı bunu bəyan edir. Bütün hallarda, Rusiya Dövlət Duması üzvünün Xocalıda ermənilərin soyqırım törətməsini deməsi, orada baş verənləri genosid adlandırması nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan tərəfindən Xocalıda dinc insanlara qarşı törədilən soyqırım akti mütləq öz hüquqi qiymətini almalıdır: “Hesab edirəm ki, bu gün beynəlxalq arenada bu soyqırım tanınmalı və Ermənistana qarşı hüquqi ölçü götürülməlidir. Çünki bu soyqırım yaxın tarixdə və beynəlxalq birliyin gözü qarşısında baş verib. Qeyd edim ki, bir neçə ölkə artıq Xocalıda baş vermiş qanlı hadisəni soyqırım kimi tanıyıb. Hazırda Rusiya Duması deputatının Xocalıda baş verənləri genosid kimi tanımaq barədə açıqlaması hesab edirəm ki, müsbət tendensiyadır. Artıq Rusiyada erməniləri satqın və qonşularına qarşı genosid siyasəti aparan bir toplum kimi qəbul edirlər. Bundan əlavə, hazırda Ermənistanda baş vermiş inqilab, anti-Rusiya siyasəti bu gün Kremlin siyasətində də dəyişikliklərə gətirib çıxarır. Bundan sonra biz Rusiya ictimai-siyasi dairələrində antierməni bəyanatlarına şahid olacağıq və Azərbaycana qarşı müsbət fikirlərin formalaşması davam edəcək. Rusiya bilməlidir ki, artıq dünyada şərtlər dəyişir və yeni nizam formalaşır. Ermənistan Rusiyanın orbitindən çıxır. Ona görə də Moskva artıq Qarabağ münaqişəsinin ədalətli həllinə və Xocalı soyqırımının tanınması istiqamətində siyasətinə düzəlişlər etməlidir. Bu gün Rusiyanın ictimai-siyasi dairələrində biz ilk dəfə Duma səviyyəsində Xocalının genosid kimi qəbul edilməsini eşidirik. Biz əmin olmalıyıq ki, Rusiya manevr siyasəti etmir, problemlərə hüquqi çərçivədə, beynəlxalq qanunlar əsasında ədaləti yanaşır”.
Vidadi ORDAHALLI