Məlum olduğu kimi, Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün növbəti addım atılıb. Bu dəfə qardaş Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılması müsbət bir addım kimi dəyərləndirilir.
Bu müsbət hadisənin Türkiyə və Azərbaycan qardaşlığının, həmrəyliyinin bir nümunəsi olduğunu qeyd edən tarixçi Hafiz Cabbarov hesab edir ki, başqa türkdilli dövlətlər də Türkiyədən nümunə götürməkdə gecikməməlidirlər: “Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində indiyə qədər görülən bütün işlər Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
Xocalı soyqırımı bütün türk dünyasının faciəsi kimi qəbul olunmalıdır və onun tanıdılması istiqamətində işlər davam etdirilməlidir. Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə növbəti abidənin ucaldılması və parkın yaradılması təqdirəlayiqdir. Bu parkın və abidənin açılması Türkiyə və Azərbaycan qardaşlığının bir simvoludur. Məlumdur ki, Türkiyə hər zaman Xocalı soyqırımının bütün dünyada tanıdılması məsələsində Azərbaycanla birgə çalışıb. O həmişə bir qardaş kimi yanımızda olub və bizə dəstək göstərib. Düşünürəm ki, Türkiyədən sonra başqa türkdilli dövlətlər də Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görəcəklər”.
Tarixçi, həmçinin, vurğuladı ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində aparılan işlərə Türkiyə ilə yanaşı, başqa türkdilli dövlətlərin də qoşulması vacibdir.
İradə SARIYEVA